...

Masallıda regional Dövlət Proqramı çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2013 18:26 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra mühüm tapşırıqlar verilmişdir.
Masallıda regional Dövlət Proqramı çərçivəsində görülmüş işlərə həsr olunmuş tədbir keçirilib

Azərbaycan, Bakı, 25 aprel /Trend/

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısı tərəfindən iqtisadiyyatın müxtəlif sahələri üzrə - sənayeləşmə siyasəti, kənd təsərrüfatının intensiv inkişafının təmin edilməsi, yeni texnologiyaların tətbiqi, ölkənin ərzaq təhlükəsizliyinin gücləndirilməsi, sahibkarlığın inkişafı və s. istiqamətlərdə bir sıra mühüm tapşırıqlar verilmişdir.

Aprelin 25-də Masallıda İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrasına həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin, Lənkəran iqtisadi rayonu üzrə yerli icra hakimiyyətlərinin, Azərbaycan Milli Elmlər Akademiyasının, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və sahibkarlar iştirak etmişlər.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Masallı rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov dövlət başçısının diqqət və qayğısı nəticəsində regionların sürətlə inkişaf etdiyini, müasir texnologiyalara əsaslanan yeni müəssisələrin yaradıldığını və məşğulluq səviyyəsinin artdığını vurğulamışdır. Bildirilmişdir ki, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" çərçivəsində ölkənin digər bölgələrində olduğu kimi, Masallı rayonunda da quruculuq-abadlıq işləri geniş vüsət almış, yeni istehsal və xidmət müəssisələri, sosial infrastruktur obyektləri açılmış, əhalinin məşğulluq səviyyəsi artmışdır.

İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov çıxışında "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş Konfransda dövlət başçısının proqramın icrasının 2013-cü ilin sonuna qədər tam və keyfiyyətli icrasının təmin olunması məqsədilə dövlət qurumları, o cümlədən İqtisadi İnkişaf Nazirliyi qarşısında mühüm vəzifələr müəyyənləşdirdiyini vurğulamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, həmçinin infrastruktur layihələrinin, xüsusilə bütün kənd yollarının əsaslı təmiri və yeni yolların tikintisi, su və kanalizasiya sahəsində layihələrin həyata keçirilməsi, çaylarboyu kəndlərdə modul tipli sutəmizləyici qurğuların quraşdırılması, meliorasiya işlərinin, su anbarlarının tikintisinin davam etdirilməsi, əhalinin qaz və elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması, o cümlədən alternativ enerji mənbələrindən - günəş-külək enerjisindən daha geniş istifadənin, çaylarda kiçik həcmli su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini prioritet kimi müəyyən etmişdir. Qeyri-neft sektorunun inkişafı, o cümlədən iri taxılçılıq, müasir heyvandarlıq və südçülük təsərrüfatlarının yaradılması, mal-qaranın cinsinin yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi də əsas istiqamətlər kimi müəyyənləşdirilmişdir. Bu vəzifələrin icrası iqtisadi inkişafın daha da sürətlənməsinə, regionlarda mövcud problemlərin köklü surətdə həll olunmasına, məşğulluğun artırılmasına səbəb olacaqdır. Nazir müavini hazırda yerli və mərkəzi icra hakimiyyətlərinin təklifləri nəzərə alınmaqla 2014-2018-ci illəri əhatə edəcək yeni regional Dövlət Proqramının hazırlandığını qeyd etmişdir.

Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev, İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev ölkənin təbii və əmək potensialından səmərəli istifadə etməklə regionların, eyni zamanda qeyri-neft sektorunun sürətli inkişafının təmin edilməsi üçün elmi araşdırmaların zəruriliyini qeyd etmiş, bu sahədə həyata keçirilən tədqiqat işləri barədə məlumat vermişlər.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının şöbə müdiri Emin Süleymanov çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirmiş, Azərbaycanda sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini vurğulamışdır.

İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri Sahib Məmmədov, Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Xarici ticarət siyasəti və ÜTT şöbəsinin əməkdaşı Elnur Abbasov çıxış edərək "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda Lənkəran iqtisadi rayonu, o cümlədən Masallı rayonu üzrə nəzərdə tutulmuş tədbirlər, sahibkarlığın inkişafı istiqamətində görülmüş işlər barədə məlumat vermişlər.

Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti