...

Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə tədbirlər planı hazırlanıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 17:56 (UTC +04:00)
“Sumqayıt Kimya Sənaye Parkı” MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunmuş müşavirə keçirilib.
Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə tədbirlər planı hazırlanıb (FOTO)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Sumqayıt Kimya Sənaye Parkı" MMC-də sənaye parklarının yaradılması işlərinə həsr olunmuş müşavirə keçirilib.

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iqtisadi inkişaf naziri Şahin Mustafayev hazırda ölkədə sənayenin təşkilinin ən müasir formalarının tətbiqinin Azərbaycan Prezidentinin iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayıb. Qeyd edilib ki, dövlət başçısının fərman və sərəncamlarına əsasən, ölkədə sənaye parklarının yaradılmasına başlanıb, bu sahədə müvafiq qanunvericilik bazası yaradılıb, vergi güzəştləri müəyyən edilib. Azərbaycan Prezidentinin 24 aprel 2013-cü il tarixli fərmanı ilə "Sənaye parkları haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi ilə sənaye parklarının yaradılması, idarə edilməsi, onlarda sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi bazası formalaşdırılıb. Sənaye parkları qeyri-neft sənayesinin inkişafını, yerli və xarici investisiyaların cəlb edilməsini sürətləndirəcək, müasir texnoloji sahələrin inkişafına, yeni rəqabətqabiliyyətli məhsul istehsalına təkan verəcək, iqtisadiyyatın modernləşməsinə və innovativ iqtisadiyyatın formalaşmasına, qeyri-neft ixracının artırılmasına töhfəsini verəcək.

Sonra "Sumqayıt Kimya Sənaye Parkı" MMC-nin direktoru vəzifəsini icra edən Mehman Ağayev sənaye parkının yaradılması istiqamətində görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, Sənaye Parkının fəaliyyətinin yüksək səviyyədə qurulması məqsədilə məsləhətçi şirkət cəlb edilib, "Sənaye Parkları haqqında Nümunəvi Əsasnamə"dən irəli gələn normativ-hüquqi aktların və sənədlərin layihələri hazırlanıb. Sumqayıt Kimya Sənaye Parkının Baş Planı tərtib olunub, tikinti-quruculuq işləri üçün tələb olunan texniki şərtlər alınıb, rezidentin uçot qeydiyyat sistemi yaradılıb. Sənaye Parkına ayrılmış 167,66 hektar ərazi tikinti üçün yararlı vəziyyətə gətirilib, ərazinin əsas giriş yol qovşaqlarının, qaz xəttinin layihə-smeta sənədləri və daxili infrastruktur üzrə layihə hazırlanıb. Artıq Sənaye Parkının ərazisində yerləşən yararsız bina və qurğuların söküntü işləri yekunlaşmaq üzrədir, ərazinin kimyəvi tullantılarla çirklənmiş sahələrinin təmizlənməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə işlər davam etdirilir.

Məlumat verilib ki, Sumqayıt Kimya Sənaye Parkına investorların cəlb edilməsi məqsədilə Tədbirlər Planı və müvafiq təqdimatlar hazırlanıb. Hazırda aparıcı şirkətlərlə danışıqlar aparılır. Danışıqlar investorların Sumqayıt Kimya Sənaye Parkında həyata keçiriləcək layihələrə marağının böyük olduğunu göstərir.

"Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev Sumqayıt Kimya Sənaye Parkının yaradılmasının kimya sənayesinin inkişafında, bu sahədə ixrac potensialının artırılmasında böyük əhəmiyyətini vurğulayıb, Sənaye Parkında fəaliyyət göstərəcək müəssisələrin xammalla təchizatı, xammaldan son məhsul mərhələsinədək istehsalın yaradılması, istehsalı planlaşdırılan kimya məhsulları və s. barədə məlumat verib.

Tədbirdə Sumqayıt Kimya Sənaye Parkının inkişaf perspektivləri və qarşıda duran vəzifələr barədə müzakirələr aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti