...

Son 10 ildə Azərbaycan banklarında qeyri-rezident fiziki şəxslərin əmanətləri 6 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Aprel 2013 19:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 aprel /Trend, müxbir A.Axundov/

Son 10 ildə qeyri-rezident fiziki şəxslərin yerli banklarda əmanətləri 6 dəfə artaraq 600 milyon ABŞ dollarını ötüb. Bu da əcnəbilər üçün ölkənin bank sektorunun cəlbediciliyinin artdığını göstərir. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmovun Azərbaycan Banklar Assosiasiyasının "Banklar və biznes" jurnalında dərc olunan məqaləsində deyilir.

"Bank sektoruna inam əhəmiyyətli dərəcədə yüksəlib, əmanət bazası 20 dəfə böyüyərək 5 milyard manat həddini keçib. Hazırda ölkədə iki milyon nəfər əmanətçi var. Əmanətlərin 30 min manatadək olan məbləği bu gün tam sığortalanır. Hazırda əmanətçilərin 83 faizi, əmanət portfelinin isə 70 faizi sığorta ilə əhatə olunub. Makroiqtisadi sabitlik şəraitində manatla əmanətlər daha sürətlə artır və onların cəmi əmanət bazasında xüsusi çəkisi son 10 ildə 7 dəfə artaraq 57 faizi ötüb", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, maliyyə resurslarına çıxış əhəmiyyətli dərəcədə genişlənib: bankların kredit portfeli 21 dəfə artıb. O cümlədən, regionlara verilən kreditlər 2007-ci ildən bəri 5 dəfə artıb.

Uzunmüddətli kreditlərin portfeldə xüsusi çəkisi 20 dəfə artaraq 50 faizi ötüb. Hər 100 min nəfərə düşən bank filialları və şöbələrinin sayı 3 dəfə artıb.

"Son 10 ildə özəl bankların bütün bankların aktivlərinin ümumi həcmində payı 44 faizdən 58 faizə çatıb. Bu gün ölkədə 22 xarici kapitallı bank fəaliyyət göstərir. Bank aktivlərinin 60 faizdən çoxu məhz onların payına düşür", - Rüstəmov bildirib.

Onun sözlərinə görə, bu gün Azərbaycan bank sektoru ölkənin maliyyə sektorunun 97 faizini təşkil edir.

"Sektorun maliyyə dərinliyi 2 dəfə artaraq qeyri-neft ÜDM-nin 67 faizinə çatıb. Kapital adekvatlığı 17 faizi, likvidliyi 18 faiz təşkil edir. Xarici borclar isə sektorun öhdəliklərinin 15 faizini ötmür. Vaxtı keçmiş kreditlər kredit portfelinin cəmi 6 faizinə bərabərdir.

Azərbaycanda 43 bank fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti