...

Yol polisinin protokoluna ehtiyac qalmayacaq?

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Noyabr 2013 13:45 (UTC +04:00)
Azərbaycanda avtomobil qəzalarının videogörüntülərinin sənəd kimi qəbul edilməsi və sığorta ödənişlərinin də onun əsasında verilməsi təklif edilib - bu halda yol polisinin protokoluna ehtiyac qalmayacaq.
Yol polisinin protokoluna ehtiyac qalmayacaq?

Azərbaycan, Bakı, 19 noyabr /Trend/

Azərbaycanda avtomobil qəzalarının videogörüntülərinin sənəd kimi qəbul edilməsi və sığorta ödənişlərinin də onun əsasında verilməsi təklif edilib - bu halda yol polisinin protokoluna ehtiyac qalmayacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) avtomobil qəzalarının vidoogörüntülərinin sənəd kimi qəbul edilməsini və sığorta ödənişlərinin də onun əsasında verilməsini təklif edib.

Bu halda qəza ilə bağlı rəsmi qurumlardan protokol alınmasına ehtiyac qalmayacaq, yəni sığorta şirkətləri ödənişlə bağlı qərarı video görüntülərə əsasən qəbul edəcəklər.

ASA-nın sədri Orxan Bayramov bildirib ki, avtomobil qəzaları zamanı hadisənin təfərrüatlarının dəqiqləşdirilməsi prosesi çox vaxt apardığına görə, ödənişlərin ləngiməsi sığorta şirkətləri ilə müştərilər arasında çoxsaylı mübahisələrə səbəb olur. Qeyd edək ki, hazırda hadisənin baş verdiyinivə təfərrüatlarını təsdiqləyən əsas sənəd yol polisindən alınan protokoldur. Qaydalara görə, sığorta şirkətləri ödənişin verilib-verilməməsi ilə bağlı qərarını bu protokolla tanış olduqdan sonra verirlər. Amma əksər hallarda bu sənədin alınması çox vaxt aparır. Hətta hadisənin necə baş verməsi ilə bağlı şirkətlə müştəri arasında mübahisə olmadıqda belə, bu sənədin olmamasına görə, ödənişin edilməsi ləngiyir: "Belə vəziyyət sığorta şirkətlərinin müştərilərinə çox pis təsir edir. Təsəvvür edin, hadisə baş verib, maşına zərər dəyib, onu təmirə aparıblar, amma müştəri bilmir ki, ona görə sığorta şirkəti tərəfindən ödəniş olacaq ya yox. Çünki hələ hadisə ilə bağlı rəsmi orqandan protokol alınmayıb".

ASA rəhbərinin sözlərinə görə, belə vəziyyətdə müştərinin bütün şübhələri sığorta şirkətinə yönəir - o hesab edir ki, qarşı tərəf ona ödəniş vermək istəmir, sadəcə vaxtı yubadır. Nəticədə hətta ödənişin edildiyi təqdirdə belə, müştərinin keçirdiyi narahatlıq sığorta şirkətinə qarşı inamsızlığın yaranması ilə nəticələnir. Bu hallara son qoyulması vıə sığorta ödənişlərinin verilməsinin asanlaşdırılması üçün ASA hadisənin videoyazısının hüquqi sənəd kimi qəbul olunmasını təklif edir:

"Biz təklif edirik ki, sığorta hadisələri baş verdikdə maşınlarda olan videoregistratorların qeydə aldığı videolar sənəd kimi qəbul olunsun və hadisənin düzgün və ya səhv olduğunu isbat edən sənəd kimi qeydiyyata alınsın. Və bu zaman rəsmi qurumların protokoluna ehtiyac qalmasın".

O.Bayramovun sözlərinə görə, videoregistratorların tətbiqi bir neçə problemi birdən həll edəcək. Əvvəla, bürokratik sənədləşmə mərhələlərinin sayını azaldır. İkincisi, imtinalara səbəb olan halların 60-70%-nin aradan qalxmasına səbəb olacaq.

Belə ki, hadisənin video görüntüyə yazılması, sənədləşməni qat-qat yüngüləşdirəcək: "Çünki protokolun mənası baş vermiş hadisəni təsdiqləməkdir. Videoregistrator olduqda və hadisə onun vasitəsilə çəkildikdə isə protokolun tərtib olunmasına ehtiyac aradan qalxır - çünki artıq bu hadisə vizual olaraq qeydə alınıb. Videoya baxan sığortaçı hadisənin baş verdiyini və onun necə baş verdiyini görəcək".

Bu videoyazıya baxan şirkət ödənişin edilib edilməyəcəyi barədə qərarı dərhal verə biləcək və bu burədə müştərisini də məlumatlandıracaq. Yəni müştəri dərhal biləcək ki, ona ödəniş veriləcək ya yox.

Videoregistratorların tətbiqi sığorta şirkətləri ilə müştərilər arasında mübahisələri də azaltmalıdır: "Ən çox mübahisə doğuran məsələ - qəzadan sonra maşını yerindən tərpətməyə görə, ödənişdən imtina olunmasıdır. Çünki şirkətlər hadisənin necə baş verdiyini araşdırmaq istəyirlər. Amma video registratorların tətbiqi buna ehtiyacı aradan qaldıracaq".

Bundan başqa, hər dəfə sığorta hadisəsi baş verəndə şirkət hadisəni araşdırmaq üçün öz ekspertini hadisə yerinə göndərməli və buna görə vəsait xərcləməlidir: " Təsəvvür edin ki, hadisə şəhərin dar küçələrindən birində baş verib. Yəni müştəri qaza baş verən yerdə dayanıb sığorta şirkətinin nümayəndəsini gözləməli, avtomobilini tərpətməməlidir. Bu da əlavə tıxacların yaranmasına səbəb olur, hətta həmin ekspertin hadisə yerinə gəlib çatmasına maneçilik törədir".

Amma videoregistrator olanda buna ehtiyac qalmır - hadisənin videosunu təqdim etmək kifayətdir: "Bu şirkəti artıq xərclərdən və vaxt itkisindən azad edir, operativlik artır. Özü də həm texniki, həm də qərar qəbul etmək baxımından".

ASA rəhbərinin sözlərinə görə, bu yeniliyin tətbiqi insanlarda sığorta şirkətlərinə qarşı inamın formalaşmasına da səbəb olacaq. Müştərilər artıq onlardan nə tələb olunduğunu və dediklərini sübut etmək üçün nə etmək lazım olduğunu biləcəklər.

Özü də söhbət təkcə həmin avtomobillərdəki videoregistratorlardan getmir. ASA rəhbərinin sözlərinə görə, hətta hadisədə iştirak etməyən, sadəcə hadisə yerinin yaxınlığından olan avtomobillərdə kamera varsa və o kamera hadisəni qeydə alıbsa, həmin görüntü də bu hadisə ilə bağlı sənəd kimi qəbul edilməlidir: "Hətta avtomobillərdəki kamera yox, hansısa evin və ya binanın qarşısındı quraşdırılan kameranın qeydə aldığı götüntülər əsas olmalıdır".

Xatırladaq ki, hazırda şəhərin müxtəlif hissələrində Nəqliyyatın İntellektual İdarəedilməsi Sisteminin kameraları var. Amma bu kameraların görüntülərini heç də həmişə almaq mümkün olmur. Bəzi hallarda isə istintaq materialı olduğuna görə, görüntülər verilmir və ya gec verilir. Bu müddət ərtdıqca ödənişin verilməsi də ləngiyir və itirilən hər gün müştərilərin sığorta şirkətlərinə inamının azalması ilə nəticələnir. Video registratorların tətbiqi isə məsələni qat-qat asanlaşdıracaq.

O.Bayramovun sözlərinə görə, sığorta şirkətləri də avtomobil sahiblərini öz maşınlarında kamera quraşdırmağa həvəsləndirə bilərlər: "Məsələn video registratorları olan maşınlara tariflərdə güzəşt edə bilərlər. Və ya müqavilə bağlananda belə maşınlara videoregistrator hədiyyə edə bilərlər".

Sığorta şirkətləri öz aralarında video registratorlar haqqında razılıq əldə etsələr, Assosiasiya bu razılığı təmin etməyə hazırdır: "Biz bunu sığorta şirkətlərinin ümumi qərarı kimi qəbul edərək bu yanaşmanı Maliyyə Nazirliyinə təqdim edə bilərik".

Yeri gəlmişkən, Azərbaycanda sığorta ödənişlərinin yol polisinin protokolu olmadan verilməsi praktikası artıq uğurla tətbiq olunur. "İcbari sığortalar haqqında" qanuna əsasən avtomobil qəzalarında dəyən zərərin məbləği 1000 manata qədər olduqda ödənişlər yol polisinin protokolu olmadan şirkətlə sığortaçı arasında razılaşma əsasında verilir. Bu təcrübənin daha geniş yayılması həm sığorta şirkətləri həm də sığortalılar üçün yalnız faydalı ola bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti