...

Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun sənaye potensialının reallaşdırılması imkanları müzakirə edilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Fevral 2014 17:54 (UTC +04:00)
Bu gün Şəmkir rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin və “Synergy Group”un təşkilatçılığı ilə “Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu” mövzusunda tədbir keçirilib.
Şəmkirdə Gəncə-Qazax iqtisadi rayonunun sənaye potensialının reallaşdırılması imkanları müzakirə edilib (FOTO)

Azərbaycan, Bakı, 21 fevral /Trend/

Bu gün Şəmkir rayonunda İqtisadiyyat və Sənaye Nazirliyinin və "Synergy Group"un təşkilatçılığı ilə "Regionların sosial-iqtisadi inkişafında sənayenin rolu" mövzusunda tədbir keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Gəncə-Qazax iqtisadi rayonunun sənaye potensialının reallaşdırılması imkanlarının müzakirə olunduğu tədbirdə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Gəncə-Qazax iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri və sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Fəxrəddin Vəliyev dövlət başçısının ölkə regionlarının sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində Azərbaycanın hər yerində olduğu kimi, Şəmkirdə də yeni istehsal və xidmət müəssisələrinin, o cümlədən yeni sənaye müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin həyat səviyyəsinin daha da yüksəldiyini qeyd edib, Şəmkirdə belə tədbirlərin təşkilinin əhəmiyyətini vurğulayıb.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında ölkəmizdə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti nəticəsində iqtisadiyyatın bütün sahələrində olduğu kimi, sənaye sahəsində də ciddi nailiyyətlərin əldə olunduğunu diqqətə çatdırıb. Bildirilib ki, yeni və müasir sənaye müəssisələrinin fəaliyyətə başlaması nəticəsində son 10 ildə qeyri-neft sənayesində əlavə dəyər 1.9 dəfə, qeyri-neft emalı sənayesində isə 2.1 dəfə artıb. Həyata keçirilən diversifikasiya siyasətinin nəticəsi kimi, son illərdə qeyri-neft sənayesinin artım tempi sənayenin neft sektorunun artım tempini üstələyib.

Dövlət başçısı tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi ölkə iqtisadiyyatının, qeyri-neft sənayesinin inkişafına, regionlarda yeni və yerli resurslara əsaslanan müasir müəssisələrin yaradılmasının daha da sürətlənməsinə böyük təkan verəcək. Qarşıdakı illərdə ölkəmizin inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının əsas hədəflərindən biri də məhz qeyri-neft sektorunun, xüsusilə qeyri-neft sənayesinin inkişafı və adambaşına düşən qeyri-neft ixracının artırılmasıdır. Bütün bunlar isə nəticədə Azərbaycanın regionun sənaye mərkəzinə çevrilməsinə səbəb olacaq.

"Synergy Group" ASC-nin Müşahidə Şurasının sədri Riyad Hüseynov ölkəmizdə sahibkarlığın inkişafına böyük diqqət və qayğı göstərildiyini bir daha vurğulayıb və rəhbərlik etdiyi qurumun sənaye sahəsində həyata keçirdiyi layihələr barədə məlumat verib, həmçinin açılışından etibarən "Excelsior Hotel Shamkir"in ilk dəfə bu tip tədbirə ev sahibliyi etdiyini vurğulayıb. Qeyd edilib ki, artıq fəaliyyət göstərən sənaye müəssisələri ilə yanaşı, hazırda "Synergy Group" tərəfindən bir sıra layihələr, o cümlədən Qazax rayonunda müasir texnologiyalara əsaslanan "Ecolime" əhəng emalı zavodunun, Şəmkirdə Azərbaycanda ilk dəfə olaraq böyük qabaritli metal konstruksiyaları istehsal edəcək "Zəyəm Texnologiyalar Parkı"nın, fibro sement zavodunun tikintisi davam etdirilir.

Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev çıxışında ölkənin dinamik iqtisadi inkişafında, dövlət proqramlarından irəli gələn vəzifələrin icrasında və sosial məsələlərin həllində sahibkarların yaxından iştirak etdiyini bildirib, digər sahələrdə olduğu kimi, sənayenin inkişafında da sahibkarlığın rolunu qeyd edib.

İqtisadiyyat və Sənaye Nazirliyinin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun prezidenti Rüfət Məmmədov çıxışlarında yeni sənaye müəssisələrinin, xüsusilə qeyri-neft sənayesində müasir texnologiyalara əsaslanan müəssisələrin yaradıldığını, "Sənaye ili" çərçivəsində bu sahədə işlərin daha sürətlə aparılacağını qeyd edib, ölkədə istehsal olunan məhsulların ənənəvi, yeni bazarlara ixrac imkanları barədə məlumat veriblər.

Sahibkarlığa Kömək Milli Fondunun şöbə müdiri Samir Hümbətov Fond tərəfindən Gəncə-Qazax iqtisadi rayonunda güzəştli qaydada maliyyələşdirilmiş layihələr barədə məlumat verib, bölgənin iqtisadi potensialına uyğun olaraq, müasir çörək istehsalı və meyvə-tərəvəz emalı müəssisələrinin yaradılması ilə bağlı nümunəvi investisiya layihələrinin təqdimatını keçirib.

Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Nərgiz Nəsrullayeva təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, "AmCham" Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən özəl, qeyri-kommersiya biznes assosiasiyası olmaqla, 270-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən tərəfdaşlardan ibarətdir. Azərbaycanda Amerika Ticarət Palatası "Synergy Group" ASC ilə səmərəli əməkdaşlıq həyata keçirir.

Tədbir çərçivəsində "Synergy Group" ASC ilə "PwC" şirkətinin Azərbaycan nümayəndəliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənədə əsasən, yeni investisiya imkanlarının müəyyən edilməsi məqsədilə Biznes Strategiyasının hazırlanmasında "PwC" şirkətinin Azərbaycan nümayəndəliyi "Synergy Group" ASC-yə dəstək göstərəcək, qarşılıqlı təcrübə mübadiləsi aparılacaq.

Tədbirdən sonra iştirakçılar Şəmkirdə Heydər Əliyev Mərkəzində, "Zəka" Gənclər Mərkəzində, Bayraq Meydanında və Alman Lüteran kilsəsində, həmçinin Zəyəm Texnologiyalar Parkında və "AzAqro" MMC-də olublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti