...

"Təmiz Şəhər" yeni internet layihəsini ictimaiyyətə təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2014 10:05 (UTC +04:00)
Tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsinə böyük önəm verən və bunun üçün müasir metodlardan istifadə edən “Təmiz Şəhər” ASC növbəti layihəsini ictimaiyyətə təqdim edir.
"Təmiz Şəhər" yeni internet layihəsini ictimaiyyətə təqdim edib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Tullantıların idarə edilməsi və ətraf mühitin mühafizəsi sahəsində əhalinin maarifləndirilməsinə böyük önəm verən və bunun üçün müasir metodlardan istifadə edən "Təmiz Şəhər" ASC növbəti layihəsini ictimaiyyətə təqdim edir.

ASC-dən Trend-ə verilən məlumata görə, gənclərin daha çox diqqətini çəkən və hədəf auditoriyası sürətlə inkişaf edən onlayn maarifləndirmə layihələrinə daha çox diqqət ayıran "Təmiz Şəhər" ASC tullantıların azaldılmasına yönəldilmiş yeni www.tullantim.az portalını istifadəyə vermişdir.

Məlum olduğu kimi tullantıların azaldılması və təkrar istifadəsi ətraf mühitin mühafizəsində çox mühüm rol oynayır. Tullantıların çox olması poliqonların dolmasına, yandırılan tullantıların miqdarının artmasına gətirib çıxarır ki, bu da öz növbəsində atmosferə ziyan vurur. www.tullantim.az portalının yaradılmasında məqsəd tullantıların azaldılması rolunun izah edilməsi və buna nail olmaq imkanlarını göstərməkdir. Bu məqsədlə sayt istifadə edilməyən əşyalar barədə məlumatı www.tullantim.az saytına yerləşdirməklə həmin əşyaları ianə etməyə imkan yaradır. Bu isə, həmin əşyaların uzun müddət insanlara xidmət etməsinə, eləcə də onların tullantıya çevrilməməsinə səbəb olur. Belə ki, sayta daxil olmaqla hər kəs lazımsız hesab etdiyi lakin hələ də istifadə edilə biləcək əşyaları tullantıya çevirmək əvəzinə həmin əşya barədə məlumatı sayta əlavə edə bilir, bununla da saytın digər istifadəçilərinə fayda vermək imkanı qazanır. Beləliklə, istifadəçilər həm ətraf mühitin qayğısına qalmış, həm də digər insanlara kömək etmiş olurlar. Nəticədə birinin tullantı kimi dəyərləndirdiyi digərlərinin ehtiyaclarını qarşılaya bilən əşyalar bu resursun köməyi ilə öz yeni sahiblərini tapmış və ikinci həyat qazanmış olurlar. Saytın rahat qeydiyyat və naviqasiya sistemi ianələr barədə məlumatın qısa zamanda əlavə edilməsinə kömək edir. Resursun facebook, twitter və digər sosial şəbəkələrlə birbaşa bağlı olması isə ianələrin müzakirə edilməsinə və paylaşmasına imkan yaradır.

Saytda tullantıların azaldılmasının müxtəlif yollarının, praktiki məsləhətlər və digər mövzuların istifadəçilər arasında müzakirəsi üçün forum bölməsi yaradılmışdır.

Qeyd edək ki, onlayn maarifləndirmə layihələri "Təmiz Şəhər" ASC-nin maarifləndirmə siyasətinin vacib istiqamətlərindən biridir. www.tullantim.az portalından əvvəl "Təmiz Şəhər" ASC www.teb.az və ətraf mühitə mənfi təsirləri fərdi hesablamağa imkan verən onlayn tullantı kalkulatoru kimi layihələri ictimaiyyətə təqdim etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti