...

Xaçmazda iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Aprel 2014 15:52 (UTC +04:00)
Bu gün Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə tədbir keçirilib.
Xaçmazda iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib

Azərbaycan, Bakı, 9 aprel /Trend/

Bu gün Xaçmazda İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə tədbir keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Quba-xaçmaz iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 200-dən çox sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov qeyd edib ki, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərilir, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirləri davam etdirilir. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, məşğulluqda özəl sektorun payı 73,9%-ə, vergi daxilolmalarında 72,4%-ə yüksəlib, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb. Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub.

Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayıb və aidiyyəti dövlət qurumlarına təqdim edib. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaq, bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayev çıxışında son illər Xaçmazda sahibkarlıq fəaliyyətinin genişləndirildiyini, rayonda özəl bölmənin dinamik inkişaf etdiyini, dövlət dəstəyi ilə yeni istehsal və xidmət müəssisələrinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini bildirib. Qeyd edilib ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman hər bir bölgədə olduğu kimi, Xaçmazda da sahibkarlığın sürətli inkişafına zəmin yaradacaq.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması, onun ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını qeyd edib, fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini bildirib. Artıq bu istiqamətdə işlərə başlanılıb.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Famil Baxışov Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd edib, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərmanın ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulayıb.

Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev isə "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Gülnarə Məmmədova İqtisadiyyat və Sənaye Nazirliyi ilə GİZ-nin uğurlu əməkdaşlıq etdiyini bildirib və həyata keçirilən layihələr barədə məlumat verib.

Ədliyyə Nazirliyinin nümayəndəsi Ağakərim Səmədzadə sahibkarların hüquq və maraqlarının müdafiəsi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Rüfət Oruclu sahibkarlardan hesabatların elektron qaydada qəbul edilməsi barədə məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti