...

Cəlilabadda sahibkarlara 600 min manata yaxın güzəştli kredit verilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Aprel 2014 15:28 (UTC +04:00)
İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Cəlilabad rayonunun Sabirabad kəndində keçirib.
Cəlilabadda sahibkarlara 600 min manata yaxın güzəştli kredit verilib

Azərbaycan, Bakı, 10 aprel /Trend/

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair növbəti işgüzar forumu bu gün Cəlilabad rayonunun Sabirabad kəndində keçirib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, forumun keçirilməsinin əsas məqsədi sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumat verilməsi, Cəlilabadda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.

80-ə yaxın sahibkarın iştirak etdiyi işgüzar forum çərçivəsində Cəlilabad rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer, intensiv kartofçuluq və üzümçülük təsərrüfatlarının, intensiv çiyələk əkini və emalı, müasir üzümqurutma və kiçik həcmli üzlük daş istehsalı müəssisələrinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 1106 sahibkara 46,5 milyon manat güzəştli kredit verilib ki, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 2700-dən çox yeni iş yerlərinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə indiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1664 investisiya layihəsinin maliyyələşdirilməsinə 73 milyon manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan kənd təsərrüfatı üzrə logistik mərkəzlərin, quşçuluq fabriklərinin, istixana təsərrüfatlarının, çörək zavodlarının, meyvə-tərəvəz emalı, mebel və tikinti materialları istehsalı müəssisələrinin, üzümçülük və intensiv bağçılıq və tingçilik təsərrüfatlarının və s. sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 9500-ə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

İşgüzar forum çərçivəsində Cəlilabad və ətraf rayonlardan olan 54 sahibkara 573 min manatdan çox güzəştli kredit verilib. Verilmiş kreditlər əsasən heyvandarlıq, arıçılıq, üzümçülük, əkinçilik, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 70-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Cəlilabad rayonunun Sabirabad kəndində keçirilmiş işgüzar forumda sahibkarlarla müvəkkil kredit təşkilatlarının nümayəndələri arasında investisiya layihələri barədə işgüzar müzakirələr aparılıb.

Forum çərçivəsində Cəlilabadda güzəştli kredit ayrılmış üzümçülük təsərrüfatlarının fəaliyyətinə baxış keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti