...

Masallıda iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2014 15:41 (UTC +04:00)
Bu gün Masallıda Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə növbəti tədbir keçirilib.
Masallıda iqtisadiyyatın inkişafında sahibkarlığın roluna dair tədbir keçirilib

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Bu gün Masallıda Heydər Əliyev Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 3 mart 2014-cü il tarixli fərmanından irəli gələn vəzifələr, aparılacaq islahatlar, eləcə də sahibkarların bu barədə məlumatlandırılması məqsədi ilə növbəti tədbir keçirilib. Bu barədə Trend-ə nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə İqtisadiyyat və Sənaye, Ədliyyə nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ), Beynəlxalq Maliyyə Korporasiyasının (İFC), Lənkəran iqtisadi rayonuna daxil olan şəhər və rayonların icra hakimiyyətlərinin nümayəndələri, həmçinin 300-ə yaxın sahibkar iştirak edib.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov Azərbaycanın son 10 ildə böyük inkişaf yolu keçdiyini, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımızın Azərbaycan Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində daha da sürətlə inkişaf etdiyini, ölkəmizdə sahibkarlığın inkişafına xüsusi diqqət göstərildiyini, bu istiqamətdə kompleks dövlət dəstəyi tədbirlərinin davam etdirildiyini bildirib. Bütün bunların nəticəsidir ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox, sahibkarlıq subyektlərinin sayı 2,5 dəfə artıb, ÜDM-də özəl sektorun xüsusi çəkisi 80%-i ötüb.

S.Məmmədov diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014-cü il tarixli fərmanı sahibkarlığın inkişafına göstərilən diqqət və qayğının, bu sahənin inkişafına verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələsinin hüquqi əsaslarını özündə əks etdirən mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, ölkəmizdə biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb və hər bir istiqamət üzrə nümunəvi modellər təhlil olunub. Sənəddə aidiyyəti üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin "bir pəncərə" prinsipinə uyğun olaraq elektron qeydiyyatı, eləcə də tikintiyə icazələrin verilməsi sahəsində prosedur və müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulma sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddət və xərclərin minimuma endirilməsi, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddət və xərclərin azaldılması, kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət və xərclərin azaldılması üçün müvafiq təkliflərin hazırlanması tapşırılıb. Artıq İqtisadiyyat və Sənaye Nazirliyi fərmanda verilmiş tapşırıqların icrası ilə bağlı təkliflər paketini hazırlayıb və aidiyyəti dövlət qurumlarına təqdim edib. Fərmana uyğun olaraq aparılacaq islahatlar çərçivəsində 6 qanunun qəbul olunması nəzərdə tutulur. İki qanun tamamilə yeni olacaq, bunlar "Özəl kredit büroları haqqında" və "Təminatlı əqdlər haqqında" qanun layihələridir. Bu qanunların qəbul olunması bank xidmətləri sferasının genişlənməsinə, eləcə də sahibkarların maliyyə xidmətlərinə çıxış imkanlarının daha da artırılmasına imkan yaradacaq.

Masallı Rayon İcra Hakimiyyəti başçısı Rafil Hüseynov dövlət başçısının rəhbərliyi ilə ölkədə quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, digər şəhər və rayonlarda olduğu kimi, Masallının da sürətlə inkişaf etdiyini, şəhərdə yeni istehsal, emal və infrastruktur sahələrinin yaradıldığını, bu sahədə sahibkarların rolunun daha da artdığını bildirib. Qeyd edilib ki, "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" fərman hər bir bölgədə olduğu kimi, Masallıda da sahibkarlığın sürətli inkişafına təkan verəcək.

İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov dövlət başçısının müvafiq fərmanının Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması və ən qabaqcıl təcrübə əsasında təkmilləşdirilməsi istiqamətində əsas yol xəritəsi olmaqla, qarşıdakı illərdə sahibkarlığın inkişafı üçün geniş imkanlar açdığını vurğulayıb, fərmana əsasən aidiyyəti dövlət qurumları ilə birlikdə dünyanın qabaqcıl ölkələrinin təcrübəsi nəzərə alınmaqla sahibkarlıq sahəsində 8 istiqamət üzrə geniş islahatların aparılmasının müəyyən edildiyini və bu istiqamətdə müvafiq işlərə başlanıldığnı qeyd edib.

Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndəsi Faiq Səmədov Azərbaycanda sahibkarlığın inkişafına daim diqqət göstərildiyini, ölkədə investisiya mühitinin daha da yaxşılaşdırılması və inzibati prosedurların sadələşdirilməsi ilə bağlı mütəmadi tədbirlər görüldüyünü qeyd edib, ölkə başçısının müvafiq fərmanının ölkəmizdə biznes və investisiya mühitini daha da yaxşılaşdıracağını, qeyri-neft sektorunun, sahibkarlığın sürətli inkişafını təmin edəcəyini vurğulayıb.

Nazirliyin Strateji planlaşdırma şöbəsinin müdir müavini Rəşad Dayıyev isə çıxışında "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində ölkədə sahibkarlığın daha da inkişaf etdirilməsi istiqamətində həyata keçiriləcək tədbirlər barədə məlumat verib.

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) nümayəndəsi Gülnarə Məmmədova GİZ ilə İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən birgə həyata keçirilən layihələrinin Azərbaycanda özəl sektorun inkişafına dəstək və sahibkarlığın təşviqinə yönəldiyini qeyd edib, nazirliklə təmsil etdiyi qurumun uğurlu əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) nümayəndəsi Əbülfəz Manafov yoxlama.gov.az saytının sahibkarlar üçün əhəmiyyəti haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib.

Ədliyyə Nazirliyinin nümayəndəsi Anar Quliyev sahibkarların hüquq və maraqlarının müdafiəsi, Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Xalid Abdullayev sahibkarlardan hesabatların elektron qaydada qəbul edilməsi barədə məruzələrlə çıxış ediblər.

Tədbirin sonunda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti