...

Macarıstan Biznes Liderləri Forumu Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2014 17:58 (UTC +04:00)
Mərkəzi Bankın sədri Elman Rüstəmov Macarıstan Biznes Liderləri Forumunun (MBLF) prezidenti Borbala Çakonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Macarıstan Biznes Liderləri Forumu Azərbaycanla sıx əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 7 may /Trend/

Mərkəzi Bankın sədri Elman Rüstəmov Macarıstan Biznes Liderləri Forumunun (MBLF) prezidenti Borbala Çakonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bankdan Trend-ə verilən məlumata görə, görüş zamanı E.Rüstəmov ölkəmizin müstəqilliyin bərpasından sonrakı iqtisadi inkişaf tarixinə, maliyyə-bank sisteminin quruculuq mərhələlərinə və Azərbaycanın gələcək inkişaf prioritetlərinə dair geniş məlumat verib.

Qeyd edilib ki, dövlət müstəqilliyimizin 2003-cü ilədək dövrü əhatə edən birinci mərhələsində ümummilli lider Heydər Əliyevin dühası, qətiyyəti, zəngin təcrübəsi və titanik əməyi ilə qisa tarixi bir dövrdə postsovet dövrünün hərbi, siyasi, sosial-iqtisadi xaosu dəf edildi: müstəqil, dünyaya açıq müasir Azərbaycan dövlət yaradıldı. İctimai şüurda radikal dəyişikliklər həyata keçirildi və Azərbaycan xalqının özünə, gələcəyinə inamı bərpa edildi. Bazar iqtisadiyyatına keçiddə inqilabi dəyişikliklərə nail olundu. Eyni zamanda, bu dövrdə bank islahatları istiqamətində həyata keçirilmiş tədbirlər sayəsində sabit, sağlam, dayanıqlı maliyyə-bank sektoru formalaşdırıldı.

Dövlət müstəqilliyimizin 2003-cü ildən sonrakı dövrü əhatə edən 2-ci mərhələsində isə möhtərəm Prezident İlham Əliyevin liderliyi və yüksək siyasi idarəçilik qabiliyyəti, tükənməz enerjisi ilə Azərbaycan ayrı-ayrı müvəffəqiyyətli dövlətlərin 10 illiklərlə keçdiyi bir yol keçib, milli dövlətçiliyimiz, iqtisadiyyatımız yeni bir keyfiyyət nöqtəsinə gəlib çıxıb. Bu dövrdə yüksək inkişaf və iqtisadi artıma adekvat olaraq bank sektoru əhəmiyyətli böyüyüb, bank maliyyəsinə əlyetərlik səviyyəsi əhəmiyyətli artıb.

Azərbaycandakı iqtisadi-maliyyə sabitliyinin və inkişafın nə qədər möhkəm təməllərə söykənməsi son qlobal böhran dövründə bir daha sübut olundu. Sabitlik və dayanıqlıq özülləri qlobal böhran sınağını uğurla dəf etməyə imkan verdi.

Əldə olunmuş bütün bu nailiyyətlər qarşıya daha ambisiyalı hədəflər qoymağa imkan verir. Ölkə Prezidentinin qəbul etdiyi "Azərbaycan-2020: Gələcəyə Baxış" konsepsiyası uzunmüddətli dövrə hesablanmış milli inkişaf və tərəqqi vektorunu müəyyən edir. Bu vektor növbəti onillikdə iqtisadiyyatın növbəti ikiqat artımını hədəfləyir. Yeni strategiyanın mərkəzi ideyası yüksək gəlirli dövlətlər klubuna qatılmaq, əhali üçün ən yüksək həyat standartlarını formalaşdırmaqdır.

Həmçinin iki ölkə arasında iqtisadi sahədə əlaqələr barədə danışan E.Rüstəmov bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə inamını vurğulayıb.

Daha sonra B.Çako MBLF-in ölkəmizlə, eləcə də Mərkəzi Bankla yaxından tanışlığına məmnun olduğunu bildirib və Forumun fəaliyyəti, prioritet istiqamətləri və həyata keçirilmiş əsas layihələri barədə məlumat verib. O, MBLF-in Azərbaycanla sıx əməkdaşlıqda maraqlı olduğunu vurğulayıb və bu istiqamətdə aktiv iş aparacağını qeyd edib.

Görüşdə, həmçinin Azərbaycan ilə Macarıstan arasında qarşılıqlı iqtisadi əlaqələrin mövcud vəziyyəti, eləcə də gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti