Azərbaycan, Bakı, 23 sentyabr /Trend/
Cari ilin 23-26 sentyabr tarixlərində Fransanın Paris şəhərində keçirilən "Top Resa 2014" beynəlxalq turizm sərgisində Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti iştirak edir.
Nazirlikdən Trend-ə verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Təbliğat sektorunun müdiri Vüqar Şixəmmədov, Regionlarda turizmin inkişafı sektorunun baş məsləhətçisi Leyla Verdiyeva və Zaqatala rayon Mədəniyyət və turizm şöbəsinin müdiri Zümrüd Ağakişiyeva daxildir.
Həmçinin sərgidə 5 yerli turizm şirkəti, "Geo Travel", "Gilan Tourism", "Regea travel", "Proxy travel" və "SW travel" şirkətləri təmsil olunur.
Adıçəkilən sərgidə respublikamızın turizm imkanlarını əks etdirən 50 kv.m sahədə xüsusi lövhə quraşdırılıb. Sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün ingilis və fransız dillərində müxtəlif növ reklam-çap məhsulları ilə təmin olunub.
2009-cu ildən başlayaraq Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və yerli turizm şirkətləri artıq altıncı dəfədir ki, "Top Resa" beynəlxalq turizm sərgisində iştirak edir, həmçinin ötən il adıçəkilən tədbirdə ölkəmizlə yanaşı, 164 ölkədən 1200-ə yaxın şirkət təmsil olunub.