...

Düşənbədə Azərbaycan və Tacikistan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2014 13:21 (UTC +04:00)
Oktyabrın 15-də Düşənbədə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir.
Düşənbədə Azərbaycan və Tacikistan arasında Hökumətlərarası Komissiyanın iclası və biznes forum keçirilib (FOTO)

Azərbaycan, Bakı, 16 oktyabr /Trend/

Oktyabrın 15-də Düşənbədə Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə bu gün daxil olan məlumata görə, Azərbaycan tərəfindən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Hökumətlərarası Komissiyaya müvafiq dövlət qurumlarının yüksək vəzifəli rəsmiləri daxildir. Tacikistan tərəfi isə iclasda bu ölkənin iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunmuşdur.

İclasda çıxış edən iqtisadiyyat və sənaye naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şahin Mustafayev dövlət başçılarının qarşılıqlı səfərlərinin, keçirilən görüşlərin Azərbaycan və Tacikistan arasında siyasi, iqtisadi və mədəni əməkdaşlığın genişlənməsində xüsusi əhəmiyyətini vurğulamış, ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini qeyd etmişdir. Bildirilmişdir ki, indiyədək iki ölkə arasında 15-dən çoxu iqtisadi sahədə olmaqla, əməkdaşlığın hüquqi əsaslarını formalaşdıran 35 sənəd imzalanmışdır.

Hökumətlərarası Komissiyanın 2-ci iclasından ötən dövr ərzində görülmüş işlər barədə məlumat verən Şahin Mustafayev qeyd etmişdir ki, bitki mühafizəsi, mülki müdafiə, fövqəladə hallar, səhiyyə, elm sahəsində saziş layihələri üzrə işlər başa çatdırılmış və bu sənəd layihələri razılaşdırılmışdır. "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı"nda nəzərdə tutulan məsələlər komissiyanın əvvəlki iclasından ötən dövr ərzində geniş müzakirə edilmişdir. Azərbaycandan Tacikistana bir sıra məhsullarının ixrac olunduğunu bildirən Şahin Mustafayev meyvə və tərəvəz şirələri, şirniyyat məmulatları kimi Azərbaycan məhsullarının Tacikistan bazarında əhəmiyyətli yer tutduğunu diqqətə çatdırmışdır. Kənd təsərrüfatı sahəsində Azərbaycanın və Tacikistanın müvafiq institutları arasında əlaqələr inkişaf etdirilmişdir. Komissiyanın əvvəlki iclasından ötən müddət ərzində bir sıra sahələr üzrə əməkdaşlıq davam etdirilmiş, "Azərspace-1" peykindən istifadə imkanlarına baxılmış, meliorasiya sahəsində iki ölkə arasında informasiya və təcrübə mübadiləsi aparılmış, energetika və nəqliyyat sahəsində əlaqələr genişləndirilmişdir.

Nazir Şahin Mustafayev Azərbaycan iqtisadiyyatı və qazanılmış uğurlar barədə də məlumat vermiş, ölkəmizin etibarlı tərəfdaş, iri regional layihələrin təşəbbüskarı və fəal iştirakçısı, Cənubi Qafqaz regionunun iqtisadi və mədəni mərkəzi olduğunu vurğulamış, regional əməkdaşlığa ciddi təhdid və maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyini diqqətə çatdırmışdır.

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri, Hökumətlərarası Komissiyanın həmsədri Şərif Rahimzoda ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsində Hökumətlərarası Komissiyanın fəaliyyətini qeyd etmişdir. Tacikistan və Azərbaycan arasında əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu vurğulayan Şərif Rahimzoda Azərbaycan iş adamlarını Tacikistanda həyata keçirilən layihələrdə fəal iştiraka dəvət etmişdir.

Komissiyanın iclasında Azərbaycan və Tacikistan arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif sahələrdə, o cümlədən Azərbaycandan Tacikistana ixrac olunan məhsulların diversifikasiyasına, qarşılıqlı investisiya qoyuluşu üçün investisiya layihələrinə dair məlumat mübadiləsinə, birgə müəssisələrin yaradılması imkanlarına, nəqliyyat əlaqələrinin genişləndirilməsinə, Tacikistanda həyata keçirilən layihələrdə Azərbaycan şirkətlərinin iştirakına, kənd təsərrüfatı sahəsində hər iki ölkənin şirkətləri arasında əməkdaşlığa, Tacikistanın Azərbaycanın ilk telekommunikasiya peykindən istifadə imkanlarına, hər iki ölkədə iş adamlarının iştirakı ilə birgə sərgi, forum, konfrans və digər tədbirlərin keçirilməsinə dair müzakirələr aparılmışdır.

İclasın sonunda Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının 3-cü iclasının yekunlarına dair Protokol imzalanmışdır. Sənədi Komissiyanın həmsədrləri - Azərbaycan Respublikasının iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət naziri Şərif Rahimzoda imzalamışlar. Sənəddə müqavilə-hüquqi bazanın genişləndirilməsi, ticarət, iqtisadiyyat, investisiya, sənaye, nəqliyyat, bank, kənd təsərrüfatı, rabitə və yüksək texnologiyalar, energetika və su ehtiyatları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, miqrasiya və məşğulluq, ətraf mühitin mühafizəsi sahəsində əlaqələrin inkişafı nəzərdə tutulur.

İclas çərçivəsində, həmçinin "Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Proqramın həyata keçirilməsinə dair Tədbirlər Planı" və "Azərbaycan Dəmir Yolları" QSC ilə Tacikistanın müvafiq qurumu arasında əməkdaşlığa dair Protokol imzalanmışdır.

İqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət Azərbaycan nümayəndə heyəti Düşənbədə keçirilən İqtisadiyyat və İnvestisiya Forumunda da iştirak etmişdir. Tacikistana investisiya qoyuluşu imkanlarını təqdim etmək məqsədilə təşkil olunmuş forumda Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış etmiş, forum çərçivəsində iqtisadiyyatın müxtəlif sahələrinə investisiya qoyuluşu imkanlarına dair plenar iclaslar keçirilmişdir. Forum tədbirdə iştirak edən Azərbaycan sahibkarlarına Tacikistanın biznes və investisiya mühitinə dair ətraflı məlumat əldə etmək, yeni biznes tərəfdaşları tapmaq və işgüzar əlaqələrini daha da genişləndirmək imkanı yaratmışdır.

İqtisadiyyat və İnvestisiya Forumu çərçivəsində Tacikistan-Azərbaycan biznes forumu keçirilmişdir. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, kənd təsərrüfatı, sənaye, tikinti, maliyyə, İKT, energetika, səhiyyə və s. sahələrdə fəaliyyət göstərən 100-ə yaxın iş adamı iştirak etmişdir.

AZPROMO-nun rəhbəri Rüfət Məmmədov təqdimatında Azərbaycan iqtisadiyyatı, ölkəmizin biznes və investisiya, eləcə də ixrac imkanları barədə məlumat vermiş, biznes forumda iştirak edən iş adamlarını Azərbaycan sahibkarları ilə fəal əməkdaşlığa dəvət etmişdir.

Tacikistan Respublikasının iqtisadi inkişaf və ticarət nazirinin müavini Saidrahmon Nazriyev isə çıxışında ölkəsinin investisiya imkanları və Tacikistanda həyata keçirilən layihələr barədə danışmış, forumun iqtisadi əməkdaşlığın inkişafına, eləcə də iş adamları arasında yeni əlaqələrin qurulmasına töhfə verəcəyini bildirmişdir.

Biznes forumda Azərbaycan sahibkarları təmsil etdikləri şirkətlər barədə təqdimatlarla çıxış etmiş, Tacikistan bazarına məhsul ixracı ilə bağlı maraqlarını diqqətə çatdırmışlar.

Tədbir iş adamları arasında əməkdaşlıq imkanlarının müzakirə edildiyi ikitərəfli görüşlərlə davam etdirilmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti