...

GGF "Muğanbank"a enerji səmərəliliyinin artırılması üçün kredit ayırdı

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Oktyabr 2014 16:49 (UTC +04:00)
The Green for Growth Fund, Southeast Europe (GGF) Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə "Muğanbank" ASC-yə 5 milyon ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırıb.
GGF "Muğanbank"a enerji səmərəliliyinin artırılması üçün kredit ayırdı

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

The Green for Growth Fund, Southeast Europe (GGF) Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaq məqsədilə "Muğanbank" ASC-yə 5 milyon ABŞ dolları məbləğində birinci dərəcəli kredit ayırıb.

Bankdan Trend-ə verilən məlumata görə, mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsində aktiv fəaliyyəti və genişlənməkdə olan regional şəbəkəsi vasitəsilə "Muğanbank" ölkənin enerjiyə qənaət üzrə kreditlər təklif edən ilk banklarından biri olacaq. GGF krediti "Muğanbank"a mikro, kiçik və orta müəssisələr, habelə riteyl müştərilər üçün dayanıqlı enerji maliyyələşməsini təmin etməklə kredit fəaliyyətini genişləndirməkdə kömək edəcək.

Maliyyələşdiriləcək enerejiyə qənaət üzrə səciyyəvi tədbirlərə bina örtüklərinin, istilik sistemlərinin təkmilləşdirilməsi və enerji səmərəli avadanlıqların quraşdırılması daxildir. Kənd təsərrüfatı rayonlarına xüsusi diqqət ayrılacaq. Belə ki, "Muğanbank" kənd təsərrüfatı sektorunda istixanaların yeniləşdirilməsi və avadanlıqların yeniləri ilə əvəz olunmasına investisiyalar üçün böyük potensial görür.

GGF-nin hesablamalarına əsasən, sözügedən yeni kredit vəsaiti hesabına veriləcək sub-kreditlər vasitəsilə maliyyələşdiriləcək enerjiyə qənaət investisiyaları nəticəsində il ərzində əsas enerjiyə 8,700 MVt.saat qənaət olunacağı, karbon qazı tullantılarının miqdarının isə 4,200 ton azaldılacağı gözlənilir.

Fondun sədri Kristofer Nouls bildirib: "Muğanbank" Azərbaycanda enerjiyə qənaət sahəsində böyük potensial görür və ölkədə enerji səmərəliliyinin artırılmasını, həmçinin karbon qazı tullantılarının azaldılmasını stimullaşdırmaqda etibarlı tərəfdaşdır. GGF-nin investisiyasından əlavə, onun Texniki Yardım Xidməti "Muğanbank"a enerji səmərəliliyi üzrə məhsullarla işi qurmaqda və bankın müştərilərinin enerjiyə qənaət tədbirləri ilə bağlı maarifləndirilməsində köməklik göstərəcək".

"Muğanbank"ın İdarə Heyətinin sədri Elmir Həsənov bildirib: "GGF-dən hazırkı ilk enerjiyə qənaət kreditini cəlb etmək "Muğanbank" üçün sevindirici hadisədir. İnanırıq ki, bu kredit vəsaiti Azərbaycanda enerjiyə qənaət tədbirlərinə investisiyaları stimullaşdırmaqda gələcək əməkdaşlığımızın möhkəm əsasını qoyacaq. GGF krediti bizə mikro, kiçik və orta müəssisələrə, habelə riteyl müştərilərimizə onların enerjiyə qənaət üzrə tədbirlərə investisiyalarını dəstəkləmək üçün müvafiq kreditlər təklif etmək imkanı verəcək. Biz, həmçinin bu sahədə kredit əməliyyatlarımızı inkişaf etdirmək istiqamətində potensialımızın gücləndirilməsi üçün GGF-nin texniki dəstəyinə arxalana biləcəyik. Bu isə o deməkdir ki, GGF bizim üçün həqiqətən ideal tərəfdaşdır".

The Green for Growth Fund, Southeast Europe (GGF) Cənub-Şərqi Avropada, o cümlədən Albaniya, Bosniya və Herseqovina, Xorvatiya, Keçmiş Yuqoslaviya Respublikası Makedoniya, Monteneqro, Serbiya və Türkiyədə, həmçinin Avropa Şərq Qonşuluğu regionunda: Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada enerji səmərəliliyinin təmin olunması və bərpa olunan enerji mənbələrindən istifadənin stimullaşdırılması sahəsində fəaliyyət göstərir. GGF enerji səmərəliliyinin inkişafı layihələrinin maliyyələşdirilməsində maraqlı olan müəssisələrin və şəxsi ev təsərrüfatlarının kreditləşməsi üçün maliyyə institutlarına kredit vəsaitləri ayırır. GGF, həmçinin kiçik və ortahəcmli bərpa olunan enerji layihələrinə birbaşa investisiya edir. Fondun investisiya fəaliyyətinin təsirini maksimum artırmaq məqsədilə GGF-nin Texniki Yardım Xidməti yerli maliyyə institutları və partnyorlara potensialın gücləndirilməsi sahəsində dəstəyini təklif edir. GGF Avropa Komissiyası, Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi (BMZ) və Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) maliyyə dəstəyi ilə KfW İnkişaf Bankı (KfW) və Avropa İnvestisiya Bankı (EIB) tərəfindən 2009-cu ilin dekabr ayında dövlət və özəl qurumların partnyorluğu qismində yaradılıb.

Fondun genişlənməkdə olan investorlar bazası Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) və Avstriya İnkişaf Bankı (OeEB) kimi donor agentlikləri, beynəlxalq maliyyə institutları və özəl investisiya qurumlarından ibarətdir.

Lüksemburq qanunvericiliyinə əsasən SICAV (dəyişkən kapitallı səhmdar investisiya fondu) kimi qeydiyyata alınmış GGF "Oppenheim Asset Management Services S.à r.l". (Lüksemburq) tərəfindən fondun konsultantı "Finance in Motion GmbH" (Almaniya, Frankfurt-Mayn) və texniki konsultant "MACS Management & Consulting Services GmbH" (Almaniya, Frankfurt-Mayn) ilə birgə idarə olunur. Əlavə məlumatla fondun saytından tanış olmaq mümkündür: www.ggf.lu

Azərbaycanın aparıcı banklarından biri olan "Muğanbank" 22 ildən artıqdır uğurla fəaliyyət göstərir. Bank fiziki şəxsləri və korporativ müştəriləri innovativ bank məhsulları ilə təmin edir. Ölkə iqtisadiyyatının SME (kiçik və orta sahibkarlıq) seqmentinə xidmətdə liderlərdən biri olmaqla yanaşı "Muğanbank" eyni zamanda artan riteyl portfelinə malikdir.

Ölkə ərazisində 41 filial və 7 şöbədən ibarət geniş filial şəbəkəsindən əlavə, bankın Moskva şəhərində nümayəndəliyi də fəaliyyət göstərir.

"Muğanbank" ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), World Business Capital, Inc. (WBC), Xarici Özəl İnvestisiyalar Korporasiyası (OPIC), Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) da daxil olmaqla bir çox beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq edir.

Son 5 ildə "Muğanbank" Azərbaycanda fəaliyyət göstərən banklar arasında ilk 15-likdə yer alıb. Standard & Poor's reytinq agentliyi tərəfindən bankın reytinqi müsbət proqnozla "B-" müəyyən olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti