...

"Norm Sement" sənayedə irihəcmli investisiyalara görə mükafata layiq görüldü

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Dekabr 2014 11:00 (UTC +04:00)
"Norm Sement" sənayedə irihəcmli investisiyalara görə mükafata layiq görüldü.
"Norm Sement" sənayedə irihəcmli investisiyalara görə mükafata layiq görüldü

Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, BMT-nin Sənaye İnkişafı Təşkilatı (UNIDO) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə noyabr ayının 26-27-də "XXI əsrdə sənayeləşmə: Sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr" mövzusunda Beynəlxalq Sənaye Konfransı keçirildi. Tədbirdə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye naziri Şahin Mustafayev, habelə 21 ölkənin dövlət qurumlarının, iri sənaye şirkətlərinin, 22 beynəlxalq təşkilatın və maliyyə institutunun 300-dən artıq təmsilçisi iştirak etdi. Konfransın rəsmi hissəsi "Four Seasons" otelində davam etdirildi.

Beynəlxalq Sənaye Konfransının birinci günündə Bakı Biznes Mərkəzində yerli sənaye müəssisələri sənaye sahəsində əldə etdikləri nailiyyətlərə görə müxtəlif nominasiyalar üzrə mükafatlandırıldı. Cənubi Qafqazın ən iri sement istehsalçısı olan Norm Sement də nominantlar arasında idi. Şirkət "Sənayedə irihəcmli investisiyalara görə" mükafatla təltif edildi. Mükafat İqtisadiyyat və Sənaye naziri tərəfindən şirkətin Baş кommersiya direktoru Fuad Musayevə təqdim edildi.

27 noyabrda keçirilən konfransın panel sessiyasında cənab Musayev "Norm Sement: Azərbaycan sənayesinin inkişafında yeni mərhələ" başlıqlı mövzu ilə çıxış etdi və ölkədə tikinti sektorunun müasir vəziyyətindən, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafına yönəldilmiş, uğurla davam etdirdiyi sənaye siyasətindən danışdı. Baş кommersiya direktoru həmçinin öz çıxışında yerli tikinti materiallarının istehsalının artmasında, sement idxalının azalmasında və Azərbaycanın tikinti sektorunun sementə olan tələbatının yerli məhsul hesabına tam şəkildə ödənilməsində Norm Sement zavodunun istismara verilməsinin xususi əhəmiyyətini qeyd etdi. Qeyri-neft sektorunda həcminə görə ən iri layihələr sırasında olan, sement sənayesi üzrə dünya standartlarının Azərbaycanda tətbiq edilməsinə can atan şirkətin inkişaf perspektivlərindən danışan Fuad Musayev çıxışını cənab Prezident İlham Əliyevin Norm Sement zavodunun açılış mərasimindəki çıxışından sitat gətirməklə tamamladı: "Norm Sement zavodunun yaradılmasında Azərbaycanda iqtisadi sahədə və sənaye sahəsində bütün dövlət siyasəti öz əksini tapır."

Baş kommersiya direktorunun da çıxışında qeyd etdiyi kimi, Norm Sement Azərbaycanda ən müasir avadanlıqlarla təchiz olunan müxtəlif təyinatlı müəssisələr arasında xüsusi çəkiyə malikdir. Zavodun istehsal gücü gündə 5 min ton klinker, ildə isə 2 milyon ton sement təşkil edir. Zavodun uzun illər boyu səmərəli və məhsuldar istismarını təmin etmək üçün ən qabaqcıl texnologiyaya müraciət olunmuşdur. Əsas avadanlıqlar Almaniya, Fransa, İsveçrə, Hollandiya və digər Avropa ölkələrinin aparıcı istehsalçıları tərəfindən təchiz edilmişdir. Bu avadanlıqlar yüksək keyfiyyətli məhsulun istehsalına, istismarın təhlükəsizliyi və səmərəliliyinə, enerjiyə qənaət olunmasına, bununla da Avropanın ən sərt ekoloji standartlarının təmin olunmasına zəmanət verir.

Norm Sement həmçinin Avropanın elmi-tədqiqat institutları ilə sıx əməkdaşlıq edir. Belə ki, zavodda istehsal olunan bütün məhsullara Almaniyanın dünya miqyasında tanınan VDZ Elmi-Tədqiqat İnstitutu tərəfindən Avropa standartlarına uyğunluq sertifikatı verilir. Bundan əlavə, şirkət Avropa Sement Tədqiqatları Akademiyasının (ECRA) həqiqi üzvüdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti