...

Qobustanın içməli su problemi olmayacaq (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2015 18:25 (UTC +04:00)
Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.
Qobustanın içməli su problemi olmayacaq (FOTO)

Azərbaycan, Bakı, 12 may /Trend/

Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrasına başlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib. Tədbirdə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov, Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən Q.Hüseynov bildirib ki, bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur: "Bunların 40-da tikinti işlərinə başlanılıb. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün "Azərsu" ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Cənab Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını vermişdir. Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılmış, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilmiş, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilmişdir. Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilmişdir Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaqdır. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın".

"Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2030-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək.

Əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin edilməsi üçün Təsi kəndi yaxınlığında 6 ədəd subartezian quyusunun qazılması, məhsuldarlığı sutkada 3800 kubmetr olan əks-osmos tipli sutəmizləyici qurğunun, su mənbəyində nasos stansiyasının, Daşarası və Nərimankənd kəndlərində ümumi tutumu 2000 kubmetr olan 4 su anbarının, 7,1 km uzunluğunda anbarlararası xəttin inşası nəzərdə tutulur.

Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcək. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədilə hər bir abunəçinin smart-kart tipli sayğacla təmin edilməsi nəzərdə tutulur.

Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaq. Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcək. Qobustan şəhərində tullantı suların təmizlənib zərərsizləşdirməsi şəhərin kənarında inşa ediləcək və məhsuldarlığı sutkada 2500 kubmetr olan çirkab sutəmizləyici qurğuda həyata keçiriləcək.

Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Qobustan şəhərinin 42 km uzunluğunda mövcud su şəbəkəsi şəhəri tam əhatə etmir və istismar tələblərinə cavab vermir. "Azərsu" ASC 8700 nəfər əhalisi olan şəhərin cəmi 1700 sakininə və ya təqribən 20 faizinə xidmət edir, əhalinin qalan hissəsi tələbatını fərdi qaydada ödəyir. Qobustan şəhərində kanalizasiya sistemi mövcud deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti