...

Daşkəsənin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 May 2015 16:47 (UTC +04:00)
Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinə başlanılması münasibəti ilə təməlqoyma mərasimi keçirilib.
Daşkəsənin içməli su təchizatı və kanalizasiya sistemləri yenidən qurulur (FOTO)

Azərbaycan, Bakı, 18 may /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan hökuməti və İslam İnkişaf Bankı tərəfindən birgə maliyyələşdirilən "Azərbaycanın 6 rayonunda Milli Su Təchizatı və Kanalizasiya Proqramı layihəsi" çərçivəsində Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlayıb.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinə başlanılması münasibəti ilə təməlqoyma mərasimi keçirilib.

Təməlqoyma mərasimində çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov qeyd edib ki, ASC-nin sifarişi ilə 29, ümumilikdə isə 43 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunur: "2015-ci ildə daha bir neçə şəhərdə işlərə başlamağı planlaşdırırıq. Bu gün işlərə başladığımız Daşkəsən şəhərinin böyük turizm potensialı var və bu layihə rayonun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcək".

Daha sonra Daşkəsən şəhərində su anbarının tikintisinə başlanılması ilə layihənin icrasına start verilib.

Daşkəsən şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsini 2035-ci ilə perspektiv inkişaf nəzərə alınmaqla Daşkəsən şəhərində 16,2 min nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində gələcəkdə rayonun Alunitdağ və Mədənçilər qəsəbələrinin də içməli su təchizatı yaxşılaşdırılacaq və ümumilikdə 17,8 min sakin bu layihədən faydalanacaq.

Daşkəsən şəhəri, həmçinin Mədənçilər və Alunitdağ qəsəbələrini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə olaraq Qarainək və Gurbulaq bulaqları seçilib. Layihəyə uyğun olaraq su mənbələrindən Daşkəsən şəhərinə 20 km uzunluğunda magistral kəmər çəkiləcək, şəhərin relyefi nəzərə alınmaqla hündür ərazilərdə ümumi tutumu 4500 kubmetr olan 4 ədəd su anbarı tikiləcək və 3 ədəd nasos stansiyası quraşdırılacaq. Daşkəsən şəhərində 18,3 km uzunluğunda paylayıcı su şəbəkəsi yaradılacaq, 2560 ünvana birləşmə veriləcək və hər bir abunəçi sayğacla təmin olunacaq.

Layihə çərçivəsində Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi də yaradılacaq. Şəhərdə yaranan tullantı sularının optimal idarə edilməsi üçün 13,5 km uzunluğunda kanalizasiya xətti, 410 ədəd kanalizasiya quyusu tikiləcək, 2560 ev birləşməsi veriləcək. Daşkəsən şəhərində yaranan tullantı suların təmizlənib kənarlaşdırılması üçün sutkalıq məhsuldarlığı 3500 kubmetr çirkab sutəmizləyici qurğu tikiləcək.
Daşkəsən şəhərində tikinti-quraşdırma işlərinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur.

Yeri gəlmişkən, Daşkəsən şəhərinin mərkəzləşdirilmiş içməli su təchizatı sistemi 1950-1960-cı illərdə yaradılıb. Mövcud su və kanalizasiya xətləri şəhəri tam əhatə etmir və istismara yararsız vəziyyətdədir. "Azərsu" ASC hazırda şəhərin 11 min sakinindən 4770 nəfərinə və ya təqribən 43 faizinə xidmət göstərir. Şəhər əhalisinə su 1-2 saatlıq qrafik əsasında verilir. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyir. Daşkəsən şəhərində kanalizasiya şəbəkəsi mövcud deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti