...

Azərbaycanda sənaye məhəllələrinin yaradılması üçün hüquqi baza yaradıldı

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2015 09:53 (UTC +04:00)
Azərbaycan hökuməti “Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə”nin təsdiq edilməsi barədə qərar qəbul edib.
Azərbaycanda sənaye məhəllələrinin yaradılması üçün hüquqi baza yaradıldı

Azərbaycan, Bakı, 21 may /Trend/

Azərbaycan hökuməti "Sənaye məhəllələri haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə qərar qəbul edib.

Nazirlər Kabinetindən Trend-ə bildiriblər ki, Əsasnamədə qeyd olunur ki, sənaye məhəlləsinin yaradılmasının məqsədi sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsindən və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasından ibarətdir.

Sənaye məhəlləsi dövlət və bələdiyyə mülkiyyətində olan torpaqlarda yaradıla bilər. Dövlət mülkiyyətində olan torpaq sahələrində sənaye məhəlləsinin yaradılması haqqında qərar Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin (bundan sonra - səlahiyyətli orqan) təklifi əsasında Azərbaycan Respublikasının Prezidentitərəfindən qəbul edilir. Sənaye məhəlləsinə bələdiyyə mülkiyyətində olan torpaq sahələri icarə müqaviləsi əsasında və ya Azərbaycanın Mülki Məcəlləsində müəyyən edilmiş digər əsaslarla icarəyə vermək hüququ ilə cəlb edilir.

Sənaye məhəlləsinin yaradılması haqqında qərarda sənaye məhəlləsinin yaradılmasının məqsədi, fəaliyyət profili, maliyyələşdirilmə mənbələri, ərazisi, idarə olunması və fəaliyyətinin təşkili ilə bağlı məsələlər müəyyən edilir.

Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı idarəedici təşkilat tərəfindən həyata keçirilir. İdarəedici təşkilat sənaye məhəlləsinin fəaliyyətinə görə cavabdehdir və sənaye məhəlləsinin iştirakçısı kimi fəaliyyət göstərə bilməz.

Əsasnamədə qeyd olunur ki, Sənayə məhəlləsini yaradan orqan sənaye məhəlləsinin yaradılması və ləğv edilməsi ilə bağlı Azərbaycan Prezidentinə təkliflər verir.

Sənaye məhəlləsinin fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı idarəedici təşkilata köməklik göstərir.

Sənaye məhəllələrinin fəaliyyəti barədə illik hesabat hazırlayır və Azərbaycan Respublikasının Prezidentinə təqdim edir.

Sənaye məhəlləsinin ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində idarəetmə sənaye məhəlləsinin fəaliyyəti müddətində idarəedici təşkilat tərəfindən həyata keçirilir.

Sənaye məhəlləsinin ərazisində torpaqlar sənaye məhəlləsinin iştirakçılarına sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair imzalanmış müqavilənin müddətinə uyğun olaraq icarəyə verilir.

Sənaye məhəlləsinin iştirakçısına icarəyə verilmiş torpaq sahəsinin digər şəxslərə subicarəyə verilməsinə və ya sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair müqavilədə göstərilməyən məqsədlər üçün istifadəsinə yol verilmir.

Sənaye məhəlləsinin yaradılması haqqında qərar qəbul edildikdən sonra, 5 (beş) il ərzində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə dair heç bir müqavilə bağlanılmadıqda və ya əvvəl bağlanılmış müqavilələr qüvvədən düşdükdə sənaye məhəlləsi ləğv edilir.

Sənaye məhəlləsinin ləğv edilməsi haqqında qərar qəbul edildiyi tarixdən 1 (bir) ay sonra qüvvəyə minir.

Sənaye məhəlləsinin ləğv edilməsi onun idarəedici təşkilatının ləğv edilməsinə səbəb olmur. Sənaye məhəlləsinin ləğv edilməsi onun iştirakçısı olmuş hüquqi şəxslərin və fərdi sahibkarların həmin ərazidə fəaliyyətlərini davam etdirmələrinə mane olmur.

Bu Əsasnamədə dəyişikliklər Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırıldıqdan sonra edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti