...

Dövlət Neft Fondu Tokioda daşınmaz əmlak aldı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Sentyabr 2015 16:38 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Mitsubishi UFJ Trust and Banking Corporation” ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 milyard yapon yeni təşkil edən "Kirarito Ginza" ticarət obyektini satın alıb.
Dövlət Neft Fondu Tokioda daşınmaz əmlak aldı (FOTO)

Azərbaycan, Bakı, 23 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) "Mitsubishi UFJ Trust and Banking Corporation" ilə birgə Yaponiyanın paytaxtı Tokio şəhərində yerləşən dəyəri 52,3 milyard yapon yeni təşkil edən "Kirarito Ginza" ticarət obyektini satın alıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu, ARDNF-nin Yaponiyada həyata keçirdiyi ilk daşınmaz əmlak investisiyasıdır. Binanın alqı-satqı prosesində satıcı qismində "Elliott Advisors Asia Limited" və "Orix Corporation" çıxış edib.

"Kirarito Ginza" ticarət obyekti Yaponiyanın ən məşhur ticarət ərazisi sayılan Ginza rayonunda, Çou avenyuda yerləşir. Binanın tikintisi 2014-cü ildə başa çatdırılıb və son dövrlər ərzində Ginza rayonunda tikilən ən dəyərli investisiya aktivlərindən biridir. Binanın ümumi sahəsi 15 647 kvadratmetr təşkil edir və 47 şirkət tərəfindən icarəyə götürülüb.

ARDNF-nin icraçı direktoru Şahmar Mövsümov Yaponiya daşınmaz əmlak investisiyası ilə bağlı bildirib: "Biz Fondun Yaponiya daşınmaz əmlak bazarına ilk investisiya yatırımından çox məmnunuq. Bu daşınmaz əmlaka investisiya qoyuluşunda əsas məqsəd onun uzun müddət ərzində dəyərini qoruyub saxlaması, eləcə də orta və uzun müddətdə yüksək gəlirlilik potensialına malik olmasıdır".

Azərbaycanın Suveren Fondu olan Dövlət Neft Fondu 1999-cu ildə ümummilli lider Heydər Əliyevin qərarı əsasında neft və qaz ehtiyatlarına dair sazişlərin həyata keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının əldə etdiyi gəlirlərin toplanması, səmərəli idarə edilməsi və gələcək nəsillər üçün saxlanılmasını təmin etmək məqsədilə yaradılıb. 1 iyul 2015-ci il tarixinə ARDNF-nin vəsaitlərinin ümumi həcmi 35 milyard ABŞ dolları təşkil edir. Qeyd edilən daşınmaz əmlaka investisiya Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2011-ci il 27 oktyabr tarixli 519 nömrəli fərmanı ilə dəyişikliklər edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar"a, bu qaydalara uyğun olaraq qəbul edilmiş yeni investisiya siyasətinə əsasən həyata keçirilib. Yeni investisiya siyasətinə əsasən investisiya portfelinin məcmu dəyərinin 5%-ə qədəri səhmlərə, 5%-ə qədəri qızıla, eləcə də eyni həcmdə vəsaiti, yəni 5%-ə qədəri daşınmaz əmlaka investisiya edilə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti