...

"Azərsu" 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2016 16:14 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
"Azərsu" 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkib (FOTO)

Bakı. Trend:

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində 2015-ci ilin yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.

ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iclasd "Azərsu" sədri Qorxmaz Hüseynov bildirib ki, dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2015-ci ildə Bakı şəhəri və Abşeron yarımadasında, eləcə də respublikanın 29 şəhər və rayon mərkəzində və kəndlərdə layihələr icra edilib. Görülmüş tədbirlər nəticəsində ölkə üzrə 200 min nəfərin içməli su təchizatı yaxşılaşdırılıb, 186 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunub, 102 min nəfərin su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da ölkə üzrə fasiləsiz rejimdə su ilə təmin olunan əhalinin xüsusi çəkisi 64,5 faizə, Bakı şəhəri üzrə 79,2 faizə yüksəlib".

2015-ci ildə Kürdəxanı qəsəbəsində yeni su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin icrası başa çatıb, Badamdar və Nardaran qəsəbələrində yeni layihələrin icrasına başlanılıb. Hesabat ilində 14 km-lik Bayıl-Bibiheybət-Lökbatan kanalizasiya tuneli tikilib, Lökbatan çirkab su təmizləyici qurğular kompleksinin ərazisində yeni nasos stansiyası quraşdırılıb. 2015-ci ildə Astara, Daşkəsən, Tərtər və Qobustan şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasına başlanılıb. Ucar şəhərində yeni su təchizatı, Göyçay şəhərində isə su təchizatı və kanalizasiya sistemləri istismara verilib. Mingəçevir şəhərində yeni texnologiyaya əsaslanan və məhsuldarlığı sutkada 55 min kubmetr olan sutəmizləyici qurğunun inşası başa çatıb. Şəmkir şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 16,5 km uzunluğunda Şəmkirçay-Şəmkir magistral su kəməri tikilərək istismara verilib. Ötən il Kürdəmir, Ucar, Yevlax, Yardımlı, Zaqatala, Füzuli, Tovuz, Quba, Şəmkir, Şəki, Beyləqan rayonlarının 66 min nəfər sakini olan 29 kəndində içməli su təchizatı yaxşılaşdırılıb.

Hesabat dövründə 866 km içməli su, 285 km kanalizasiya xətləri çəkilib, 35 su anbarı və 12 su və kanalizasiya nasos stansiyası tikilib, 6 subartezian quyusu qazılıb, 52 mini smart tipli olmaqla 80 mindən çox su sayğacı quraşdırılıb. İl ərzində istehlakçılara 289 milyon kubmetr su satılıb, 192 milyon kubmetr həcmində kanalizasiya xidmətləri göstərilib. Göstərilən xidmətlər üzrə yığım səviyyəsi 2,4 faiz artaraq 93,6 faizə yüksəlib, abonent sayı 56 min artaraq 1 milyon 377 minə çatıb.

Q.Hüseynov tikinti-quraşdırma işlərinin qısa müddətdə və keyfiyyətlə aparılmalı olduğunu diqqətə çatdırıb. Su itkilərinin azaldılması məqsədilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan qeyri-qanuni istifadə hallarının azaldılması, istismar, əməyin mühafizəsinin təşkili və ekologiya sahəsində tədbirlərin davam etdirilməsi barədə ciddi tapşırıqlar verib. Qeyd olunub ki, rayon sukanal idarələrində müştəri informasiya sistemlərinin yaradılması müsbət nəticələr verir və bu sistemin tətbiqi digər rayonlarda da həyata keçiriləcək.

İclasda fəaliyyətində nöqsanlara yol vermiş idarə və müəssisə rəhbərlərinə ciddi xəbərdarlıqlar edilib, enerji, material və nəqliyyat vasitələrindən səmərəli istifadə olunması, əmək məhsuldarlığının və təşəbbüskarlığın artırılması ilə bağlı göstərişlər verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti