...

29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Fevral 2016 15:10 (UTC +04:00)
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.
29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub (FOTO)

Bakı. Trend:

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının ilk 2 ilində bölgələrdə istehlakçıların içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə "Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən genişmiqyaslı tədbirlər həyata keçirilib.

Bu barədə Trend-ə "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Hesabat dövründə Səhmdar Cəmiyyətin sifarişi ilə 29 şəhər və rayon mərkəzində su və kanalizasiya layihələri icra olunub ki, bu şəhərlərin 11-də işlər dövlət büdcəsi vəsaiti, 18-də isə beynəlxalq maliyyə qurumlarından cəlb olunmuş kreditlər hesabına həyata keçirilib.

Dövlət büdcəsindən maliyyələşdirilən layihə çərçivəsində Quba şəhərində su və kanalizasiya infrastrukturları tamamilə yenidən qurulmuş, şəhər 24 saat fasiləsiz içməli su ilə təmin olunub. Ucar, Lənkəran, Hacıqabul, Kürdəmir, Zərdab, İmişli, Biləsuvar şəhərlərində yeni su şəbəkələrinin tikintisi başa çatdırılmışdır. Mingəçevir, Şəmkir və Qax şəhərlərində isə su və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinin böyük hissəsi icra edilib.

Mingəçevir və Yevlax şəhərlərini keyfiyyətli içməli su ilə təmin etmək məqsədilə məhsuldarlığı sutkada 55 min kubmetr olan müasir sutəmizləyici qurğu tikilərək istismara verilmiş, şəhərdaxili su təchizatı sistemlərinin 85 faizinin inşası başa çatmışdır. Hazırda yeni yaradılmış şəbəkə vasitəsilə sakinlər 24 saat keyfiyyətli içməli su ilə təmin olunur. Təmizləyici qurğudan Yevlax şəhərinə çəkiləcək magistral kəmərin tikintisi üzrə layihə-smeta sənədləri hazırlanır.

Mingəçevir şəhərində tullantı sularının idarə olunması məqsədi ilə 3 ədəd kanalizasiya nasos stansiyası tikilərək istifadəyə verilmiş və bununla da Kür çayına 21 nöqtədən axıdılan çirkab suların qarşısı alınıb.

Lənkəran şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində Xanbulançay dəryaçasının yaxınlığında sutkalıq məhsuldarlığı 30 min kubmetr olan təmizləyici qurğuda işlər tam yekunlaşmış, Lənkəran şəhərinə və ətraf kəndlərə içməli suyun verilməsi təmin edilmişdir. Yeni qurğudan Astara şəhəri və 27 kəndin su təchizatına hesablanmış magistral kəmərin inşası 2016-cı ildə başa çatdırılacaq.

Şəmkir şəhərində istehlakçıları keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Şəmkirçay anbarından 16,5 km uzunluğunda magistral su kəməri qısa müddətdə tikilərək istismara verilmişdir.
2014-2015-ci illərdə Azərbaycan Hökumətinin beynəlxalq maliyyə qurumları ilə birgə reallaşdırdığı su və kanalizasiya infrastrukturlarının yenidən qurulması layihəsi üzrə işlər intensiv qaydada davam etdirilib.

Asiya İnkişaf Bankı ilə birgə maliyyələşdirilən "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Göyçay, Ağdaş və Beyləqan şəhərlərində yeni infrastrukturların yaradılması istiqamətində ciddi addımlar atılıb. Belə ki, Göyçay şəhərində içməli su və kanalizasiya infrastrukturlarının yenidən qurulması işləri tam başa çatdırılmış və 2015-ci ilin oktyabr ayında Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilmişdir. Beyləqan şəhərində yeni su mənbəyi yaradılmış, şəhərdaxili su şəbəkəsinin 85 faizi yenidən qurulmuş və yeni şəbəkə ilə istehlakçılara suyun verilməsi təmin olunmuşdur. Bu layihə üzrə Ağdaş və Beyləqan şəhərlərində içməli su şəbəkəsinin tikintisi cari ildə başa çatdırılacaqdır. "Su təchizatı və kanalizasiya investisiya proqramı" çərçivəsində Ağcabədi şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işlərinə 2016-cı ildə başlanılacaqdır.

Almaniya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Açıq Kommunal İnfrastruktur Proqramı II" çərçivəsində Gəncə şəhərinin əsas su mənbələri olan Göygöl və Qızılqayada suqəbuledici qurğularının və magistral kəmərlərin inşası yekunlaşmış, şəhərə suyun verilməsi təmin edilib. Gəncə şəhərinin bir hissəsində paylayıcı şəbəkə yaradılmış və bu istiqamətdə işlər davam etdirilir.

2016-cı ildə Gəncə şəhərinin digər hissəsində və Şəki şəhərində içməli su və kanalizasiya şəbəkələrinin tikintisinə başlanılacaqdır.
Dünya Bankı ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində 62 km uzunluğunda Kür sutəmizləyici qurğuları-Sabirabad-Saatlı magistral kəmərinin inşası başa çatdırılmışdır. 2014-cü ilin dekabr ayında Sabirabad şəhərinə, 2015-ci ilin əvvəlində isə Saatlı sakinlərinə suyun verilməsi təmin edilmişdir. Gələcəkdə magistral kəmərin marşrutu boyu yerləşən 50 kəndin su təchizatı da öz həllini tapacaq. Dünya Bankı ilə birgə reallaşdırılan layihə üzrə Şamaxı və Qəbələ şəhərlərində də işlər davam etdirilmiş, Şamaxıda su təchizatı sistemlərinin 96, kanalizasiya şəbəkəsinin 87 %-i tikilmişdir. Qəbələ şəhərində su mənbəyində işlər yekunlaşmış, şəhərdaxili şəbəkənin tikintisi davam etdirilib.

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyindən cəlb olunmuş kreditlər hesabına Naftalan şəhərinin su və kanalizasiya şəbəkəsi yenidən qurularaq istismara verilmişdir. bu layihə çərçivəsində Qusar şəhərində işlərin 80 faizindən çoxu icra edilmiş və ilin sonuna qədər işlərin başa çatdırılması planlaşdırılır. Eyni zamanda Xaçmaz şəhərinin su mənbəyində yenidənqurma işləri yekunlaşmış, şəhərdaxili su və kanalizasiya şəbəkəsinin tikintisi davam etdirilir. Bu layihə çərçivəsində Qobustan şəhərində işlərə 2015-ci ildə başlanmış, Xızı şəhərində isə şəbəkənin yaradılmasına cari ildə başlanılması nəzərdə tutulub.

"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası dövründə İslam İnkişaf Bankı ilə birgə reallaşdırılan "Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi"nin icrasına başlanılmışdır. Hazırda Gədəbəy, Astara, Tərtər, Daşkəsən şəhərlərində tikinti işləri davam etdirilir. 2016-cı ildə Gədəbəy və Daşkəsən şəhərlərində su və kanalizasiya şəbəkələrinin tikintisinin başa çatdırılması, Qazax şəhərində isə yeni layihənin icrasına başlanılması nəzərdə tutulur.

Son illərin ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğular kompleksinin istismara verilməsi regionların da içməli su təminatının yaxşılaşmasına öz töhfəsini verib.

Belə ki, bu kompleks istismara verildikdən sonra Kür sutəmizləyici qurğularından Bakıya ötürülən suyun daha çox hissəsinin regionların təminatına yönəldilməsinə şərait yaranıb. İndiyə qədər Şirvan-Muğan qrup su kəməri ilə Şirvan şəhərinin yalnız bir hissəsinə su verilirdisə, hazırda şəhərin əksər hissəsi bu mənbədən qidalanır. Yaxın günlərdə şəhərin təminatı tamamilə Kür mənbəyindən aparılacaq ki, bununla da 1950-ci illərdə istismara verilmiş, fiziki və mənəvi cəhətdən köhnəlmiş Şirvan sutəmizləyici qurğusunun fəaliyyəti tam dayandırılacaq.

Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası ilə əlaqədar şəhərlərlə yanaşı, içməli sudan əziyyət çəkən kənd və qəsəbələrdə də həlli vacib layihələr icra edilib. Ötən 2 ildə düşmən mövqeləri ilə üzbəüz kəndlər də daxil olmaqla, Füzuli, Beyləqan, Ağcabədi, Ağdam, Tərtər, Goranboy, Tovuz, Şəmkir, Şəki, Zaqatala, Balakən, Quba, Qusar, Göyçay, Ucar, Kürdəmir, Saatlı, Lənkəran, Yardımlı rayonlarının 51 yaşayış məntəqəsində 120 min nəfərin içməli su problemi öz həllini tapıb.

Ümumilikdə, Dövlət Proqramı çərçivəsində "Azərsu" ASC tərəfindən regionlarda 2014-2015-ci illərdə 1380 km magistral və şəbəkə su xətləri, 490 km kanalizasiya kollektoru və şəbəkə xətləri, 2 sutəmizləyici qurğu, 61 su anbarı, 7 su, 3 kanalizasiya nasos stansiyası tikilib. Eyni zamanda, 16 subartezian quyusu qazılmış, 61 min ədəd smart tipli sayğac quraşdırılıb.

Görülmüş işlər nəticəsində 226 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təchiz edilmiş, rayon mərkəzlərində fasiləsiz su ilə təmin olunanların sayı 625 minə çatdırılıb. Bununla da bölgələr üzrə fasiləsiz içməli su ilə təmin olunma səviyyəsi 41,2 faizə, ölkə üzrə isə 64,5 faizə yüksəlib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti