...

Hollandiya şirkəti İmişlidə pendir istehsalı zavodunun inşası ilə bağlı layihə hazırlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Fevral 2016 18:52 (UTC +04:00)
Vergilər naziri Fazil Məmmədov Niderland Krallığının Sahibkarlar Konfederasiyasının nümayəndə heyəti ilə görüşüb.
Hollandiya şirkəti İmişlidə pendir istehsalı zavodunun inşası ilə bağlı layihə hazırlayır

Bakı. Trend:

Fevralın 17-də vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Azərbaycanda səfərdə olan Niderland Krallığının Sahibkarlar Konfederasiyası sədrinin birinci müavini Oberman Douv Piter və "Scherjon" şirkətinin prezidenti Şheryon Hilko ilə görüşüb.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, qonaqları salamlayan F.Məmmədov son illər ölkəmizdə bütün sahələrdə ciddi nailiyyətlər əldə olunduğunu, bu uğurların əsasında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş siyasətin dayandığını bildirib. Vergilər naziri Azərbaycan və Niderland arasında işgüzar münasibətlərin ildən-ilə inkişaf etdiyini, ölkələrimizin vergi xidmətləri arasında əməkdaşlığın genişləndiyini, vergi inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təcrübə mübadiləsinin müsbət nəticələr verdiyini bildirərək, mövcud əlaqələrin daha da dərinləşdirilməsinin zəruriliyini qeyd edib, Azərbaycanın vergi sistemində aparılan islahatlar, investisiyaların təşviqi ilə bağlı həyata keçirilən tədbirlər haqqında qonaqlara ətraflı məlumat verib.

Bildirilib ki, "Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya" mövcuddur və uğurla tətbiq edilir. "Azərbaycan Respublikası Hökuməti və Niderland Krallığı Hökuməti arasında investisiyaların qarşılıqlı təşviqi və qorunması haqqında Saziş" layihəsi isə hər iki tərəfdə bütün daxili razılaşdırma prosedurlarını keçib və imzalanmaq üçün hazırdır.

Ölkədə əlverişli investisiya mühitinin daha da yaxşılaşdırılması ilə bağlı təkmil hüquqi baza yaradıldığını nəzərə çatdıran vergilər naziri 2016-cı ildə investisiyaların təşviqi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən daha bir neçə fərmanın imzalandığını, Vergi Məcəlləsi və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edildiyini, qanunvericilik sənədlərində edilmiş bu dəyişikliklərlə ölkəmizə sərmayə yatırmaq istəyən investorlar üçün vergi və gömrük sahəsində əhəmiyyətli güzəştlər müəyyən olunduğunu və bunların xarici investisiyaların stimullaşdırılmasına xidmət etdiyini vurğulayıb.

O.Piter səmimi qəbula görə təşəkkür edərək, onun ölkəsinin Azərbaycanla əlaqələrə mühüm əhəmiyyət verdiyini diqqətə çatdırıb. Son illər yüksək iqtisadi artıma nail olan Azərbaycanla Niderland Krallığı arasında mövcud olan sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edən qonaq təcrübə mübadiləsinin daha da dərinləşdirilməsinin, mübadilə proqramlarının davam etdirilməsinin zəruriliyini və yeni əməkdaşlıq perspektivlərinin olduğunu bildirib.

O, qeyd edib ki, Azərbaycanda istehsalın təşkili və məhsulların ixracı sahəsində yaradılmış şəraitdən məlumatlıdır və ölkədə olan sabitlik Avropalı investorlar üçün cəlbedicidir.

Avropada istehsal sahələrinin yaradılması üçün münbit şərait olsa da, məhsul ixracı zamanı müəyyən suallarla qarşılaşdıqlarını bildirən qonaq Niderland şirkətlərinin Azərbaycanda istehsal sahəsinə sərmayə yatırmaqda və burada istehsal olunacaq məhsulların qonşu ölkələrə də ixrac edilməsində maraqlı olduqlarını vurğulayıb. O, qeyd edib ki, Sahibkarlar Konfederasiyasının üzvləri arasında Azərbaycana sərmayə qoymaq istəyən Niderland şirkətləri çoxdur və hazırda bir çox sahələrdə əməkdaşlıq imkanları araşdırılır.

Görüşdə "Scherjon" şirkətinin prezidenti Şeryon Hilko Azərbaycanda əlverişli investisiya mühitin mövcud olması, investorların hüquq və mənafelərinin qorunması, xarici sahibkarlara əlverişli iş şəraitinin yaradılmasının təqdirəlayiq olduğunu bildirərək, rəhbərlik etdiyi şirkətin ölkəmizə investisiya qoymağa maraq göstərdiyini, İmişli rayonunda süd məhsulları istehsal edəcək zavodun tikilməsi ilə bağlı layihə hazırlandığını diqqətə çatdırıb.

"Scherjon Dairy Equipment Holland BV" şirkətinin təqdim etdiyi avadanlıqlarda "Gouda" və "Edam" növlü holland pendirlərinin istehsalını nəzərdə tutan bu layihənin gələcəkdə digər layihələrin də reallaşdırılmasına zəmin yaradacağı bildirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti