...

Səfər Mehdiyev: Azərbaycan gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2016 20:04 (UTC +04:00)
Dövlət Gömrük Komitəsində Beynəlxalq Maliyyə Korporasiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Səfər Mehdiyev: Azərbaycan gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazırdır

Bakı. Trend:

Martın 2-də Dövlət Gömrük Komitəsi (DGK) sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) Azərbaycan üzrə daimi nünayəndəsi Aliyə Əzimovanı, İnvestisiya mühiti üzrə tapşırıq qrupunun rəhbəri İrina Kokayanı və Ticarətin dəstəklənməsi üzrə regional koordinator Violan Konar-Lisini qəbul edib.

DGK-nın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, qonaqları səmimiyyətlə salamlayan S.Mehdiyev Azərbaycan Gömrük Xidmətinin keçdiyi inkişaf yoluna qısaca nəzər salıb, istər qanunvericilik bazasının möhkəmləndirilməsində, büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan danışıb, xüsusilə maddi-texniki bazanın möhkəmləndirilməsi, informasiya texnologiyalarının tətbiqi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Son zamanlar gömrük sistemində aparılan islahatların daha da intensivləşdirildiyini söyləyən DGK sədrinin birinci müavini S.Mehdiyev əldə olunan müsbət nəticələri də qonaqların diqqətinə çatdırıb, Azərbaycanda biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərdən ətraflı bəhs edib.

Azərbaycan Gömrük Xidməti ilə Beynəlxalq Maliyyə Korporasiyası arasında əlaqələrin gələcək perspektivlərindən də məmnunluqla söhbət açan S.Mehdiyev respublikamızın gömrük sisteminə faydalı ola biləcək istənilən sahədə əməkdaşlığa hazır olduqlarını bildirib.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini S.Mehdiyevə təşəkkür edən IFC-nin Azərbaycan üzrə daimi nünayəndəsi A.Əzimova qarşılıqlı əlaqələrin daha da intensivləşməsinin vacibliyini qeyd edib, Azərbaycan hökuməti ilə əməkdaşlığa çox böyük önəm verildiyini vurğulayıb, gömrük sisteminin daha da təkmilləşdirilməsi istiqamətində gələcəkdə həyata keçiriləcək tədbirlərdə təmsil etdiyi qurumla birgə əməkdaşlığın gələcək perspektivlərindən bəhs edib.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlər barəsində də ətraflı fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti