...

Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq (FOTO,VİDEO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2016 11:46 (UTC +04:00)
Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.
Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq  (FOTO,VİDEO)

Bakı. Trend:

Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.

Bu barədə Trend-ə "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.

Körpüdə son tamamlanma işləri həyata keçirilir. Artıq işlərin 97 faizi yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.

Körpünün tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq aparılır.

"Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması" layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılır.

Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).

Hazırda körpünün dəmir konstruksiyalarının rənglənməsi, temperatur şovlarının quraşdırılması, körpünün alt hissəsinin aşınmasının qarşısını almaq məqsədi ilə xüsusi maddə ilə örtülməsi işləri aparılır.

Eyni zamanda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri də yerinə yetirilir. Bunun üçün körpünün alt hissəsində, hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiya quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılmasında səbəb körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılacağıdır.

Bundan başqa Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Paralel olaraq Pirallahı qəsəbəsinin körpü ilə birləşdirən mövcud avtomobil yolunun asfalt-beton örtüyünün dəyişdirilməsi işləri də yerinə yetiriləcək.

Bütün işlər "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllğa riayət olunmaqla aparılır. Əlavə işlərlə birlikdə layihənin tamamlanması 2016-ci ilin iyun-iyul aylarında nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti