...

Fermerlərə ödənişsiz olaraq ipəkqurdu paylanılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2016 21:22 (UTC +04:00)
“Şəki İpək” ASC yaş barama məhsulunu kümçülərdən tədarük edəcəyini bildirib və bu barədə müqavilələr imzalayıb.
Fermerlərə ödənişsiz olaraq ipəkqurdu paylanılıb

Bakı. Trend:

Aprelin 27-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev və Kənd Təsərrüfatı Nazirliyi aparatının Bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdovun iştirakı ilə Qax rayonu, Ənbərkənd kəndindəki Damazlıq İpəkçilik Stansiyasında barama istehsalı məqsədilə inkubasiya mərhələsi keçən barama toxumlarının fermerlərə təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, barama qurdları Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Ağcabədi, Ağdaş, Bərdə, İmişli, Kürdəmir, Sabirabad, Ucar, Yevlax və Zərdab rayonlarından olan kümçülərə (baramaçılara) ödənişsiz olaraq paylanılıb.

Barama toxumlarını nazirlik İrandan və Çindən alıb. Yüksək keyfiyyətli barama toxumları Qax Damazlıq İpəkçilik Stansiyasında inkubasiya müddətini tamamlayıb.

Qax Damazlıq İpəkçilik Stansiyasında barama qurdlarını kümçülərə təhvil verən nazirlik nümayəndələri maarifləndirici materialları da onlara çatdırıblar. İpəkqurdunun bəslənməsi qaydaları barədə məlumatlandırıcı film, məlumat və yaddaş vərəqələri baramaçılara paylanıb. Baramaçılara ildə 45 gün səylə iş tələb edən bu sahənin gəlirliliyi barədə məlumat verilib. Baramaçılıqla xırda ailə təsərrüfatı kimi fəaliyyət göstərmənin mümkünlüyü onun üstün cəhətlərindən biri kimi vurğulanıb.

Tədbirdən sonra iştirakçılar "Şəki İpək" ASC-də müəssisənin fəaliyyəti ilə tanış olublar. "Şəki İpək" ASC yaş barama məhsulunu kümçülərdən tədarük edəcəyini bildirib və bu barədə müqavilələr imzalayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti