...

Azərbaycanın aqrar sahədə uğurlu təcrübələrinin başqa ölkələrdə tətbiqi FAO ilə müzakirə olunub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 İyun 2016 14:36 (UTC +04:00)
Azərbaycanın nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatının (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.
Azərbaycanın aqrar sahədə uğurlu təcrübələrinin başqa ölkələrdə tətbiqi FAO ilə müzakirə olunub (FOTO)

Bakı. Trend:

Azərbaycanın nümayəndə heyəti BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatının (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək üçün İtaliyada rəsmi səfərdə olub.

Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 30-31-də Kənd təsərrüfatı nazirinin müavini Seyfəddin Talıbov və Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə BMT-nin Ərzaq və Kənd Təsəsrrüfatı Təşkilatının (FAO) Şurasının 154-cü sessiyasında iştirak etmək məqsədilə təşkilatın mənzil qərargahının yerləşdiyi İtaliyanın Roma şəhərində rəsmi səfərdə olublar.

Şura Təşkilatın ali rəhbər orqanı olan Konfransın icraedici orqanı olaraq fəaliyyət göstərir və əsas funksiyası dünyada ərzaq və kənd təsərrüfatının vəziyyəti, təşkilatın hazırkı və perspektiv fəaliyyətlərinin, o cümlədən iş proqramı və büdcə, inzibati məsələlər, təşkilatın maliyyə idarəçiliyi və konstitusiyası ilə bağlı məsələlərin müzakirə edilməsi və müvafiq qərarların qəbul edilməsindən ibarətdir.

Tədbirdə FAO-nun 2014-2015-ci illər İş Proqramı və Büdcəsinin icra hesabatı təqdim olunmuş və müvafiq qərar qəbul edilmiş, FAO-nun cari ilin mart-aprel aylarında keçirilmiş 5 Regional Konfransının, o cümlədən Türkiyənin Antalya şəhərində keçirilmiş və kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədr müavini seçildiyi FAO-nun Avropa və Mərkəzi Asiya üzrə 30-cu Regional Konfransının hesabatları dinlənilmiş və müzakirə olunaraq təsdiq olunmuşdur.

Tədbir zamanı uzv ölkələrin nümayəndə heyətlərinin iştirakı ilə digər proqram, büdcə, maliyyə, inzibati məsələlər, konstitusiya və hüquqi məsələlər də müzakirə mövzusu olmuşdur.

Mayın 31-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Joze Qratsiano da Silva ilə Azərbaycan nümayəndə heyətinin görüşü olmuşdur. Görüşdə Baş Direktor Azərbaycan Hökuməti ilə FAO arasında yüksək səviyyəli əməkdaşlıq əlaqələrindən məmnunluğunu bildirmiş, azərbaycanlı rəsmilərin FAO rəhbər orqanlarının tədbirlərində yaxından iştirakını yüksək qiymətləndirmişdir.

Joze Qratsiano da Silva FAO-nun Azərbaycanda Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin açılması və Tərəfdaşlıq Proqramının yaradılmasının əməkdaşlığın yeni mərhələsinə qədəm qoyması kimi qiymətləndirmiş və bu işdə Azərbaycan Hökumətinin, xüsusilə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyini yüksək dəyərləndirmişdir.

Nazir müavini Seyfəddin Talıbov ölkədə aqrar sahədə və ərzaq təhlükəsizliyinin təmin edilməsində qazanılan nailiyyətlərdən, aparılan islahatların verdiyi müsbət nəticələrdən və fermerlərə dövlət dəstəyinin ildən-ilə artmasından danışmışdır.

Görüşdə ikitərəfli əlaqələrin perspektivləri, o cümlədən FAO ilə Azərbaycan arasında Cənub-Cənub Əməkdaşlığının inkişaf etdirilməsi, Azərbaycanlı mütəxəssislərin iştirakı ilə regionda Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG) nail olunmasının dəstəklənməsi məqsədilə Azərbaycanın aqrar sahədə əldə etdiyi uğurlu təcrübələrin başqa ölkələrdə tətbiqinin vacibliyi, Azərbaycanlı mütəxəssislərin təşkilatda təmsilcilik məsələsi müzakirə olunmuşdur.

Şura çərçivəsində nümayəndə heyəti üzv ölkələrdən olan nümayəndə heyətləri və müşahidəçilər arasında fikir mübadiləsi və müzakirələr platformasını təmin etmək məqsədilə keçirilən bir sıra paralel tədbirlərdə iştirak etmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti