...

Aydın Hüseynov: Bank sektorunda aparılan sağlamlaşdırma tədbirləri müsbət nəticələr verir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Noyabr 2016 12:40 (UTC +04:00)
Azərbaycanda bank sektorunda aparılan sağlamlaşdırma tədbirləri Beynəlxalq Bankın timsalında müsbət nəticələrini verməkdədir.
Aydın Hüseynov: Bank sektorunda aparılan sağlamlaşdırma tədbirləri müsbət nəticələr verir

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycanda bank sektorunda aparılan sağlamlaşdırma tədbirləri Beynəlxalq Bankın timsalında müsbət nəticələrini verməkdədir. Bunu Trend-ə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

A.Hüseynov bildirib ki, “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycan Beynəlxalq Bankının (ABB) törəmə bankı olan “Azərbaycan Beynəlxalq Bankı – Moskva”nın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqini “В3” səviyyəsindən “В2” səviyyəsinə qədər artırıb:

“Eyni zamanda, uzunmüddətli risk qabiliyyəti də indi “B2” deyil, daha yüksək olan “B1” səviyyəsində dəyərləndirilib. Təşkilat Azərbaycanın güclü maliyyə institutlarından birinə çevrilən Beynəlxalq Bankın kapital artımı və aktivlərinin sağlamlaşdırılması ilə bağlı aparılan islahatların səmərəli nəticələr verdiyini, mənfəətliyin bərpa olunduğunu və bankın depozit reytinqinin yüksəlməkdə olduğunu proqnozlaşdırır”.

YAP Siyasi Şurasının üzvü “Moody’s” agentliyinin qərarının Azərbaycan bank sektoru üçün çox mühüm olduğunu bildirib.

A.Hüseynov qeyd edib ki, qlobal böhranın təsirlərinə baxmayaraq, Azərbaycanın bank sektoru öz dayanıqlığını qoruyub saxlayıb: “Prezident İlham Əliyevin müvafiq tapşırıq və tövsiyələrinə əsasən, bankların sağlamlaşdırılması və maliyyə-kapital ehtiyatlarının qorunması və artırılması istiqamətində mühüm addımlar atılıb. Banklarda əhalinin əmanətlərinin və digər depozitlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə bankların maliyyə dayanıqlığının, kapital və likvidlik mövqeyinin gücləndirilməsi, əmanətlərin sığortalanması sisteminin təkmilləşdirilməsi məqsədilə kompleks tədbirlər həyata keçirilib. Əmanətlərin tam sığortalanması haqqında qanun qəbul edilib. Eyni zamanda, bank sektorunun inkişafına xidmət göstərən digər addımlar atılıb. Bütün bu faktorlar ölkəmizin banklarının, o cümlədən, Beynəlxalq Bankın maliyyə sabitliyinin qorunmasında, öhdəlik və hesablaşmalarının fasiləsiz icra edilməsində müsbət rol oynayıb. Nəticədə “Moody’s” agentliyi bankın reytinqini yüksəldib, uzunmüddətli depozit reytinqi üzrə proqnozunu stabil qiymətləndirilib”.

A.Hüseynov bildirib ki, Beynəlxalq Bankın maliyyə dayanıqlılığının yüksəlməsində bankın yeni rəhbər strukturunun həyata keçirdiyi müasir idarəetmə sistemi və yeni kurs öz müsbət təsirini göstərib:

“Ölkənin ən iri və sistem əhəmiyyətli bankı olan Beynəlxalq Bankın idarəetməsində yaranmış problemlər və kapitallaşma ilə bağlı mənfi təsirlər tam aradan qaldırılıb, onun kapitalı və likvidliyi tələb olunan səviyyəyə yüksəldilib, bank hazırda yerli və xarici kreditorlar üçün etibarlı tərəfdaş kimi güclü mövqeyini qoruyub saxlayır. Beynəlxalq Bankın sahibkarlığın maliyyələşdirilməsində, sosial ödənişlərin həyata keçirilməsində, əhaliyə geniş spektrli bank xidmətlərinin göstərilməsində, müxtəlif sosial-iqtisadi proqramlarda, ipoteka kreditləşməsində həmişə güclü rolu olub. Aparılan sağlamlaşdırma tədbirləri bankın həmin layihələrdə iştirakının yenidən artmasına imkan verəcək. Hesab edirəm ki, Beynəlxalq Bankın sağlamlaşdırılması və kapital artımının yüksəldilməsi istiqamətində davam etdirilən tədbirlər bankın reytinqinin daha da artmasına səbəb olacaq. Eyni zamanda, bank sistemini əhatə edən bu siyasət digər bankların da maliyyə sabitliyinin artmasına böyük təsir göstərəcək və ölkə iqtisadiyyatının kredit resursları ilə təminatına, iqtisadi proqramların maliyyələşdirilməsinə və iqtisadiyyatımızın inkişafına güclü zəmin yaradacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti