...

Azərbaycan və İran dəmiryolçuları sərhəddə görüşdülər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2016 10:59 (UTC +04:00)
Noyabrın 8-də Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə görüşüblər.
Azərbaycan və İran dəmiryolçuları sərhəddə görüşdülər (FOTO)

Bakı. Trend:

Noyabrın 8-də Azərbaycan və İran dəmiryolçuları Astara çayı üzərində tikilən körpüdə - sərhəddə görüşüblər.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Trend-ə bildirib ki, QSC-nin sədri Cavid Qurbanovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Аstara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km yolu ilə ilk dəfə dizel qatarla Astara çayı üzərində tikilən körpüyə, İran İslam Respublikası Dəmir Yolunun baş direktoru Mohsen Purseyid Ağayinin rəhbərlik etdiyi nümayəndə heyəti körpünü keçərək Azərbaycan tərəfinə gəlib.

Bayram əhvali-ruhiyyəli görüşdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri C.Qurbanov çıxış edərək bildirib ki, Azərbaycan Avropa ilə Asiyanın qovuşuğunda yerləşdiyindən, ölkəmizin nəqliyyat qurumları “Şərq-Qərb” və “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizlərinin fəaliyyətində aktiv iştirak edir.

Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabr 2015-ci ildə “Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında” sərəncam imzalayıb. Həmin sərəncama uyğun olaraq, 20 aprel 2016-cı ildə Azərbaycanla İranın dövlət sərhədində Astara çayı üzərində dəmir yolu körpüsünün təməli qoyulub, Аstara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolunun çəkilişinə başlanıb. Artıq 8,3 km uzunluğunda yeni dəmir yolu xətti hazırdır. Bu yol boy 12 ədəd yoldəyişdirici qurğu, iki yerdə qorunan keçid quraşdırılır.

Astara çayı üzərindəki tikilən körpüdə 4 dayaq, istinad divarları tikilib, körpünün üstü betonlanıb, məhəccərlər qoyulub. Körpüdə son tamamlama işləri həyata keçirilir. Hazırda tağların quraşdırılması prosesi gedir.

Sonra nümayəndə heyətləri İran tərəfdə tikintisi gedən yük terminalına baxış keçiriblər və 1,3 km yolun torpaq yatağında görülən işlərlə tanış olubar. “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri C.Qurbanov İran İslam Respublikası kütləvi informasiya vasitələri nümayəndələrinin suallarını cavablandırıb.

Sonda görüş iştirakçıları birlikdə Аstara stansiyasından İran İslam Respublikası dövlət sərhədinə qədər birxətli 8,3 km uzunluğunda dəmir yoluna baxş keçiriblər.

İran İslam Respublikası Dəmir Yolunun baş direktoru M.Purseyid Azərbaycan tərəfindən görülən işləri yüksək qiymətləndirib.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirir. Proqnozlar göstərir ki, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti