...

Ötən il 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Yanvar 2017 13:01 (UTC +04:00)
Əmlak Məsələləri Dövlət Komitəsində 2016-cı il ərzində görülmüş işlərə dair müşavirə keçirilib.
Ötən il 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 2016-cı il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Komitədən Trend-ə verilən məlumata görə, müşavirədə çıxış edən komitə sədri Kərəm Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 iyul 2016-cı il tarixli fərmanı və Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə ötən il 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub. Yeni dövlət müəssisə və obyektlərinin siyahısı komitənin elektron informasiya resurslarında geniş ictimaiyyətə və potensial yerli və xarici investorlara açıqlanıb.

Dövlət müəssisələri və səhmdar cəmiyyətlərdən 5315 illik xüsusi hesabat forması alınıb ki, bunun 91%-i elektron qaydada qəbul olunub.

Komitə sədri çıxışında bildirib ki, özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması məqsədilə Komitə tərəfindən “Özəlləşdirmə portalı” yaradılmış və istifadəyə verilib. Portaldan istifadə edənlərin sayı artıq 400 mini ötüb. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.

Ötən ilin sentyabr ayından başlayaraq komitə tərəfindən geniş ictimaiyyətin və medianın iştirakı ilə hər həftə açıq hərraclar keçirilir.

K.Həsənov deyib ki, ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb. Qeyd edilib ki, müvafiq sərəncamla 13 iyul 2016-cı il tarixdə təsdiq olunmuş daşınmaz əmlakın kadastrı və torpaq idarəçilinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən işlər görülməkdədir. Proqrama əsasən 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq.

Respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib.

Xəzər dənizinin Azərbaycana mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

2016-cı ildə ölkənin 4.1 mln. ha ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi və 4.1 mln. ha ərazi üçün relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara istinadən ölkənin 51 kənd rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilmiş və onların 3D formatda relyef xəritələri hazırlanıb.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə qeyd olunub ki, Azərbaycan Prezidentinin 18 noyabr 2016-cı il tarixli fərmanına əsasən fərdi evlərin sənədləşdirilməsi işi daha da sadələşib, qeydiyyat xidmətlərində rahatlıq və vətəndaş məmnunluğunun yüksəlməsi təmin edilib.

Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Dünya Bankı tərəfindən ötən il dərc olunan “Doing Business” hesabatında Azərbaycan növbəti dəfə də daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünya ölkələri arasında ön sıralarda yer alıb.

Şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə daşınmaz əmlakın qeydiyyatı xidmətlərinə görə alınan xidmət haqqının və rüsumun hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən “Əmlak kalkulyatoru” istifadəyə verilib.

Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyası davam etməkdədir. Keçirilmiş 28 kampaniyanın 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

2016-cı il ərzində ölkə üzrə 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 50 minə yaxını ilkin, 122 min isə təkrar qeydiyyata aid olub. 2015-ci ildəki göstəricilərlə müqayisədə ötən il ilkin qeydiyyata dair verilmiş çıxarışların sayında 18.7% artma, tərtib olunmuş texniki pasportların sayında 4.5% artma qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti