...

Nazir müavini: Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Yanvar 2017 13:36 (UTC +04:00)
Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq.
Nazir müavini: Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycanın ilk ticarət nümayəndəsi Rusiyada təyin olunacaq.

Trend bildirir ki, bunu Amerikanın Azərbaycandakı Ticarət Palatasının (AmCham) üzvləri ilə görüşü zamanı iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.

S.Babayev deyib ki, Rusiya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarından biridir: "Ona görə ölkəmizin birinci ticarət nümayəndəsinin Rusiyada təyin olunması məqsədəuyğundur. Bundan başqa, biz yaxın zamanlarda Çin və BƏƏ-də ticarət nümayəndələrinin təyin olunması imkanlarını nəzədən keçiririk”.

Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən, xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədilə Azərbaycanın iqtisadiyyat naziri Azərbaycan Prezidenti ilə razılaşdırmaqla, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələri təyin edəcək.

Müəyyən edilir ki, ticarət nümayəndəsi təyin olunduğu ölkə ilə Azərbaycanın iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlər görür; ticarət nümayəndəsi öz funksiyalarını təyin olunduğu səfirlik və konsulluqların tərkibində həyata keçirir; ticarət nümayəndəsi ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün şəxsən məsuliyyət daşıyır və Azərbaycanın iqtisadiyyat nazirinə tabedir, konsulluğa təyin olunan ticarət nümayəndəsi Azərbaycanın həmin ölkədəki səfirliyinə təyin olunmuş ticarət nümayəndəsinin ümumi rəhbərliyi altında fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti