...

İtaliya Azərbaycana nou-hau ixracında maraqlıdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Aprel 2017 08:27 (UTC +04:00)
İtaliya Azərbaycana bio və nanotexnologiyalar ixrac etməyə hazırdır.
İtaliya Azərbaycana nou-hau ixracında maraqlıdır (ÖZƏL)

Bakı. Ənvər Məmmədov - Trend:

İtaliya Azərbaycana bio və nanotexnologiyalar ixrac etməyə hazırdır.

Bunu Trend-ə müsahibəsində İtaliyanın Azərbaycandakı səfirliyinin ticarət mübadiləsinin inkişafı şöbəsinin keçmiş direktoru Luici d’Aprea deyib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatındakı böhrana baxmayaraq italyan şirkətlərinin Azərbaycana marağı azalmır: “Mən bu il Azərbaycanda iqtisadi missiyalarda iştirak etmək istəyən italyan şirkətləri tərəfindən ötən illə eyni səviyyədə müraciət almışam. Bu italyan şirkətləri ilə bağlı onu deyə bilərəm ki, biz Azərbaycanla işləməyi davam etdirəcəyik. Çünki biz müxtəlif sahələrdə uzunmüddətli əməkdaşlıqda maraqlıyıq”.

O qeyd edib ki, yaxın illərdə İtaliya ilə Azərbaycanı bir-birinə qaz kəmərləri bağlayacaq. Bu isə ölkələr arasında enerji sahəsində əməkdaşlığı daha da möhkəmləndirəcək. Eyni zamanda, bu ölkələrin digər sahələrdə də əməkdaşlığının inkişafı üçün böyük imkanlar var: “Hamı İtaliyanı moda və gözəl mətbəx ölkəsi kimi tanıyır. Amma qeyd etmək istəyirəm ki, biz müxtəlif texnologiyaların istehsalını da inkişaf etdiririk. Bu gün biz bio və nantexnologiyalarımızla məşhuruq və bu nou-hauları Azərbaycana ixrac etməyə hazırıq. Azərbaycan məhsullarına gəldikdə isə, bilirəm ki, bugünkü gün Azərbaycan öz məhsulunu “Made in Azerbaijan” brendi altında tanıtmağa çalışır. Qeyd etmək istəyirəm ki, Azərbaycanın bunun üçün böyük potensialı var. Mən xüsusilə kosmetika məhsullarının istehsalı ilə məşğul olan Azərbaycan şirkətlərini vurğulamaq istəyirəm. Onlar İtaliya bazarına çıxmağa cəhd etməlidirlər”.

Luici d’Aprea bildirib ki, İtaliya həmçinin Azərbaycanın qida sənayesinə maraq göstərir: “İtalyanların xüsusilə mətbəxlə bağlı yaxşı zövqü var, Azərbaycan mətbəxi isə çox maraqlıdır. Ölkələrimiz arasında kənd təsərrüfatı məhsulları ticarətini inkişaf etdirmək üçün yaxşı imkanlar var”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti