...

"Şahdəniz-2" üçün yeni müasir sualtı tikinti gəmisi istismara verildi (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2017 10:34 (UTC +04:00)
Bu gün Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi" istismara verilib.
"Şahdəniz-2" üçün yeni müasir sualtı tikinti gəmisi istismara verildi (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Xəzər dənizinin yeni flaqman gəmisi olan "Xankəndi" istismara verilib.

"BP Azerbaijan" şirkətindən Trend-ə verilən məlumata görə, ən son texniki nailiyyətləri özündə birləşdirən bu sualtı tikinti gəmisi məxsusi olaraq "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ən böyük sualtı hasilat sistemini quraşdırmaq üçün layihələndirilib və inşa edilib.

"Şahdəniz" yatağına göndərilməyə hazır olan "Xankəndi" gəmisi növbəti 11 il ərzində orada sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək.

Şahdəniz konsorsiumunun əməliyyatçısı olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons bildirib: "Nəhəng "Şahdəniz Mərhələ 2" layihəsi çərçivəsində Xəzər dənizində ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmini istismara verməyimizdən qürur duyuruq. Bu, "Şahdəniz" layihəsində yerli podratçı şirkətlə əməkdaşlıqda əldə edilmiş daha bir əlamətdar nailiyyətdir və biz Xankəndi gəmisinin layihəyə əhəmiyyətli dəstək verəcəyini gözləyirik. Bu unikal gəminin inşasının təhlükəsiz və səmərəli şəkildə başa çatdırılmasında böyük əməyi olan Bakı Gəmiqayırma Zavoduna və bu işlərə öz töhfəsini vermiş bütün digər tərəflərə öz təşəkkürümü bildirirəm”.

378 milyon ABŞ dolları dəyərində olan gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kv.metr təşkil edir. Gəminin ümumi çəkisi 17 600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. "Xankəndi" gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.

Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla "Xankəndi" gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçiləri mühəndis və layihə idarəetmə sahələrində ixtisaslaşmış həm yerli, həm də əcnəbi mütəxəssislərdən ibarətdir. İşçi heyətinin gələcəkdə tam yerlilərdən ibarət olması üçün onlara geniş təlimlər keçirilməsi nəzərdə tutulub.

"Xankəndi" gəmisi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) və "Keppel O&M" şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti