...

Azərbaycanın turizm sektoru 6%-dən çox artacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Noyabr 2017 15:51 (UTC +04:00)
Azərbaycanın turizm sektorunun qarşıdakı illərdə 6%-dən çox artacağı proqnozlaşdırılır.
Azərbaycanın turizm sektoru 6%-dən çox artacaq

Bakı. Trend:

Azərbaycanın turizm sektorunun qarşıdakı illərdə 6%-dən çox artacağı proqnozlaşdırılır. Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev Milli Məclisin plenar iclasında 2018-ci il büdcə zərfinin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, ölkədə sistemli islahatların davam etdirilməsi, bank sektorunun sağlamlaşdırılması və valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, makroiqtisadi sabitliyə təhdid yaradan xarici iqtisadi şokların yaşanmaması şərtləri əsas götürülməklə, növbəti ildə inflyasiyanın birrəqəmli, iqtisadi artımın isə müsbət olması proqnozlaşdırılıb: “Qeyd edilənlər, habelə neft sektorunun azaldıcı, qeyri-neft sektorunun artırıcı təsirləri nəzərə alınmaqla 2018-ci ildə ÜDM-in ­­­1,5%, növbəti illərdə isə orta hesabla 3,5% artacağı proqnozlaşdırılır. Cari ildəki kimi növbəti ildə də tədiyyə balansının cari hesabının müsbət olacağı (1,4 milyard ABŞ dolları) proqnozlaşdırılır”.

Ş.Mustafayev əlavə edib ki, gələn il hasilatın enməsi nəticəsində neft sektorunun 1% azalacağı, neft-qaz hasilatının, xüsusilə Şahdəniz yatağında qaz hasilatının artması nəticəsində növbəti illərdə orta hesabla 5%-ə yaxın artım gözlənilir: “Növbəti ildə əsas kapitala investisiya qoyuluşlarının 15,9 milyard manat, xarici investisiyaların 7,7 milyard manat, daxili investisiyaların 8,2 milyard manat olacağı proqnozlaşdırılır. Neft sektoruna 6,4 milyard, qeyri-neft sektoruna isə 9,5 milyard manat investisiya yatırılacağı gözlənilir”.

Nazir deyib ki, ötən ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verir: “Ümumilikdə, 196 sahibkara 216 investisiya təşviqi sənədi verilib. 8 iqtisadi rayonu əhatə edən layihələrə təqribən 1,8 milyard manat investisiya yatırılır, bunun nəticəsində 13 mindən çox yeni iş yerləri açılacaq. İnvestisiya təşviqi sənədi almış 100-ə yaxın müəssisə artıq fəaliyyət göstərir, digərləri isə gələn ilin sonuna qədər fəaliyyətə başlayacaq”.

O bildirib ki, ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun artımı 2018-ci ildə 2,9%, növbəti illərdə isə orta hesabla 3%-dən yuxarı proqnozlaşdırılır: "Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2018-ci ildə 6,2%, növbəti 3 ildə orta hesabla 6% artım gözlənilir. Görülən tədbirlər nəzərə alınaraq, 2018-2021-ci illərdə qeyri-neft sənayesi üzrə orta hesabla 7.3% artım proqnozlaşdırılır".

Ş.Mustafayev qeyd edib ki, turizm sektorunun 2018-ci ildə 6,6%, növbəti üç ildə isə orta hesabla 6%-dən çox artacağı proqnozlaşdırılır.

Onun sözlərinə görə, ölkənin tranzit potensialının artırılmasında xüsusi rola malik olan Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi 2018-ci ilin I yarısında başa çatdırılacaq, limanın ərazisi daxil olmaqla xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər mərhələlərlə həyata keçiriləcək: "Nəqliyyat sektorunda gələn il neft ixracının azalması fonunda 2,5%, növbəti 3 ildə isə orta illik 5 faizdən yuxarı artım gözlənilir.

Sahibkarlığa dövlət dəstəyi çərçivəsində gələn il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən tamamilə geri qaytarılan vəsaitlər hesabına 130 milyon manatdan çox güzəştli kreditlərin verilməsi nəzərdə tutulur".

Nazir bildirib ki, 2018-ci ildə əhalinin gəlirləri 55,4 milyard manat, orta aylıq əmək haqqı 549,7 manat, ölkə üzrə inflyasiya proqnozları nəzərə alınaraq yaşayış minimumu 173 manat proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti