...

Slovakiya biznesinin Azərbaycan bazarına marağı artır - səfir

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2022 08:34 (UTC +04:00)
Slovakiya biznesinin Azərbaycan bazarına marağı artır - səfir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Slovakiya biznesinin Azərbaycan bazarına marağı artır.

Bunu Trend-ə Slovakiyanın Azərbaycandakı səfiri Milan Layçak deyib.

"COVID-19 pandemiyasından əvvəlki dövrdə Slovakiya ilə Azərbaycan arasında ticarət və uğurlu biznes əməkdaşlığında artım müşahidə olunub. Rəqəmlərə görə, 2015-2020-ci illərdə ikitərəfli ticarət təxminən 170 milyon avro təşkil edib. Başqa sözlə, bizim orta illik ticarət dövriyyəmiz 30 milyon avroya yaxın olub. Təəssüf ki, pandemiya ilə bağlı məhdudiyyətlər ticarətimizə mənfi təsir göstərib və 2021-ci ildə ticarətin həcmi bu göstəricidən xeyli aşağı olub. Yaxşı əlamətdir ki, biz hazırda işgüzar fəaliyyətimizin tədricən canlandığını, eləcə də Slovakiya biznesinin Azərbaycan bazarına artan marağının şahidi oluruq. Keçən ilin oktyabrında Bakıya səfərim zamanı Slovakiya-Azərbaycan biznes forumu bu perspektivli tendensiyanı aydın şəkildə nümayiş etdirdi", - deyə M.Layçak bildirib.

Səfir qeyd edib ki, Slovakiyanın əsas ixracı avtomobillər, avtomobil komponentləri, dəqiq avadanlıq/maşınlar və kabellərdir.

"Azərbaycanın Slovakiyaya ixracı əsasən mineral yanacaq, boyalar, tekstil və bəzi kənd təsərrüfatı məhsullarından ibarətdir. İndi biz intensiv şəkildə biznesimizi şaxələndirmək yollarını axtarırıq. Ticarət evlərinə gəldikdə, biz iqtisadi diplomatiyamızı Slovakiyanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri vasitəsilə Slovakiyanın İnvestisiyaların və Ticarətin İnkişafı Agentliyi (SARIO) ilə sıx əməkdaşlıqda həyata keçiririk. Fikrimizcə, iqtisadi məqsədlərə nail olmaq və onlara dəstək vermək üçün ilk növbədə paytaxtlarımızda hər iki tərəfdən diplomatik nümayəndəliklərin olması zəruridir. Sonradan biz ölkələrimiz arasında əməkdaşlığın daha geniş aspektlərini müəyyənləşdirib açıqlayanda ticarət evlərinin açılması məsələsinə də baxmağa başlamaq mümkün olacaq", - deyə M.Layçak əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti