...

"CƏLİLABAD-ŞƏRAB" ASC-NİN SƏHMLƏRİ İNVESTİSİYA MÜSABİQƏSİNƏ ÇIXARILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 İyul 2005 17:50 (UTC +04:00)

"Cəlilabad-Şərab" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 99,97%-i investisiya müsabiqəsinə çıxarılır. Bununla bağlı İqtisadi İnkişaf Nazirliyi (İİN) Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsi elan edib. Nazirlikdən Trend xəbər agentliyinə verilən məlumata görə, müsabiqədə yerli investorlarla yanaşı, xarici investorlar da iştirak edə bilər.

Müsabiqədə müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif edən, onun səmərəli qoyuluşu üzrə öhdəlik götürən, şərab, şampan şərabları və digər spirtli içkilərin istehsalı sahəsində qabaqcıl təcrübəyə malik olan iddiaçıya üstünlük veriləcəkdir.

Qalib gələcək şirkət yüksək keyfiyyətli şərab məhsullarının istehsalına nail olmaq məqsədilə investisiya qoyuluşunun istiqamətləri, məbləği, müddəti göstərilməklə İnvestisiya Proqramı, yeni texnologiyanın tətbiqi, yeni üzüm sahələrinin salınmsasına və üzümün ilkin emalının müasir səviyyədə təşkilinə dair təkliflər və silinmək üçün 200 min ədəd özəlləşdirmə çeki təqdim etməli, təklif olunmuş investisiya həcminin ümumi məbləğinin 5%-ə qədər hissəsini səhmdar cəmiyyətin hesablaşma hesabına köçürməli, dövlət büdcəsinə 1,6 milyard manat həcmində vəsait ödəməlidir.

Müsabiqədə iştirak etmək istəyən şirkətlərdən ərizə və təkliflər avqustun 8-dək qəbul ediləcəkdir. Müsabiqə komissiyası tərəfindən müsabiqə təkliflərinin qiymətləndirilməsi isə avqustun 11-dən başlayaraq həyata keçiriləcəkdir.

Qeyd edək ki, Cəlilabad rayonunda yerləşən, 8 hektar sahəni əhatə edən "Cəlilabad-Şərab" ASC-də hazırda 74 işçi çalışır. Müəssisə əsasən üzümün ilkin emalı və şərab istehsalı ilə məşğul olur.

Nizamnamə kapitalının həcmi 15,3 milyard manat olan müəssisənin hər birinin dəyəri 20 min manat olan 765 min 701 səhmi vardır. 1981-ci ildə istismara verilən müəssisənin hazırda 2,3 milyard manat borcu vardır.

Xəbər lenti

Xəbər lenti