...

DB-NİN MİSSİYASI YOXSULLUQ PROQRAMININ İCRASINA 2-Cİ KREDİT TRANŞININ AYRILMASI MƏSƏLƏSİNİ MÜZAKİRƏ EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 16:39 (UTC +04:00)

Avqustun 15-də Kristos Kostopulosun başçılıq etdiyi Dünya Bankının (DB) missiyası Bakıya səfərə gələcək. Bankın Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, səfərin əsas məqsədi "Azərbaycanda yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı" çərçivəsində ölkəyə 20 milyon dollar həcmində 2-ci kredit tranşının ayrılması məsələsini müzakirə etməkdir.

Bu məqsədlə missiya Maliyyə və İqtisadi İnkişaf Nazirliklərində, Milli Bank və Nazirlər Kabinetində bir sıra görüşlər keçirəcək. Qeyd edək ki, artıq iyunda proqramın icrasına 20 milyon dollar həcmində 1-ci kredit tranşının ayrılması ilə bağlı DB-nin Direktorlar Şurası qərar qəbul edib.

Ümumilikdə isə proqramın icrasına DB tərəfindən hər biri 20 milyon dollar olmaqla 3 tranşda cəmi 60 milyon dolların ayrılması nəzərdə tutulub.

Səfər müddətində missiya həmçinin DB-nin krediti hesabına ölkədə həyata keçirilən "İnstitusional quruculuğa ikinci texniki yardım (SAC II)" layihəsi çərçivəsində həyata keçirilən tədbirlər və layihənin icrası işləri ilə də tanış olacaq. Missiyanın səfəri avqustun 31-də başa çatacaq.

Qeyd edək ki, 2002-ci ilin yanvarından icrasına başlanan və dəyəri 9,45 milyon dollar olan SAC II layihəsinin həyata keçirilməsində əsas məqsəd ölkədə struktur islahatlarla bağlı həyata keçirilən tədbirlərə texniki yardım göstərməkdən ibarətdir. Layihənin icrası 2008-ci ilin iyununda başa çatacaq.

Xəbər lenti

Xəbər lenti