...

Bu ayın sonunda Dünya Bankının səhiyyə layihəsi üzrə missiya rəhbəri Bakıya səfərə gələcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Noyabr 2005 18:46 (UTC +04:00)

Noyabrın 30-da Dünya Bankının (DB) səhiyyə layihəsi üzrə missiya rəhbəri Enis Barış Bakıya səfərə gələcəkdir. DB-nin Bakı nümayəndəliyindən Trend xəbər agentliyinə verilən məlumata görə, dekabrın 12-dək davam edəcək səfərin əsas məqsədi DB ilə Azərbaycan hökuməti arasında səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi və ölkədə səhiyyə sahəsində yeni layihənin həyata keçirilməsi ilə bağlı danışıqlar aparmaqdır. Bank yeni səhiyyə layihəsinin həyata keçirilməsinə təqribən 40-50 milyon dollar kredit ayırmaq niyyətindədir. Bu məqsədlə səfər müddətində missiya rəhbəri Səhiyyə Nazirliyi və bir sıra digər müvafiq dövlət strukturlarında görüşlər keçirərək hazırlanacaq yeni layihənin əsas istiqamətləri, ölkədə səhiyyə sistemində hazırkı vəziyyət, gələcək əməkdaşlıq və s. məsələləri müzakirə edəcəkdir. Həmçinin səfər çərçivəsində missiya rəhbəri hazırda ölkədə DB-nin krediti hesabına həyata keçirilən "Səhiyyə islahatları" layihəsinin icrası vəziyyəti ilə tanış olacaqdır.

Qeyd edək ki, dəyəri 5 milyon dollar "Səhiyyə islahatları" layihəsinin icrasına 2001-ci ilin iyunundan başlanılmışdır. Yaxın zamanlarda icrası başa çatacaq bu layihənin həyata keçirilməsinin əsas məqsədi rayon səviyyəsində ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi və bu sahədə islahatların aparılması üçün Səhiyyə Nazirliyinin əməkdaşlarının biliklərinin artırılmasıdır.

Xəbər lenti

Xəbər lenti