...

Səudiyyə İnkişaf Fondunun missiyası Bakıya gəlir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2006 18:01 (UTC +04:00)

Martın 31-də Səudiyyə İnkişaf Fondu missiyasının Bakıya 4 günlük səfəri başlayır. Missiyanın tərkibinə ekspertlər Abdulla Əl Hovayter və Məhəmməd Əl Dalilan daxil olacaq. Hökumətdən Trend ə verilən məlumata görə, səfərdə əsas məqsəd Azərbaycan hökuməti ilə Yevlax-Gəncə avtomobil yolunun tikintisi layihəsinə dair kredit sazişinin detallarını razılaşdırmaqdır.

Səudiyyə Fondunun Direktorlar Şurası yol layihəsinin gerçəkləşdirilməsi üçün 48,78 mln Səudiyyə realı ($13 mln.) məbləğində kreditin ayrılmasını hələ ötən ilin dekabrında təqdir edib, ancaq saziş layihəsi hələ Azərbaycan tərəfinə təqdim olunmayıb. Bu, fondun Azərbaycan hökuməti ilə sazişlə bağlı bir sıra məsələləri müzakirə etmək niyyətiylə əlaqədardır. Yalnız bundan sonra fond sənədləri Azərbaycana göndərəcək. Fondun şərtlərinə görə, kredit 4 il güzəşt və illik 2%-lə 20 il müddətinə ayrılacaq.

Avtomobil yolunun ümumi uzunluğu 88 km-dir. Bunun 50 km-i Səudiyyə Fondu və İslam İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək. Bank həmçinin $10,4 mln həcmində kreditin ayrılmasına dair qərar da qəbul edib və ötən ilin martında bununla bağlı kredit sazişi imzalanıb.

Yolun yerdə qalan hissəsini Asiya İnkişaf Bankı maliyyələşdirir və bank Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi yolunun inşası üçün $93,2 mln ayırıb. Yaxın vaxtlarda Azərbaycan hökuməti və AİB arasında kredit sazişinin imzalanması gözlənilir.

Xəbər lenti

Xəbər lenti