...

Gəncə avtomobil zavodunda Çinin Lifan-520 avtomobili istehsal olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 May 2006 20:34 (UTC +04:00)

Bu gün Gəncə avtomobil zavodunda (GAZ) Çin Xalq Respublikasının Lifan şirkəti ilə razılıq protokolu imzalanıb. Sənədə əsasən, 30-35 gündən sonra Çindən Lifan-520 markalı minik avtomobilləri komplektlərinin Azərbaycana gətirilməsinə və GAZ-da onların yığılmasına başlanacaq. Bir neçə gündür ki, Gəncə Avtomobil Zavodunda olan çinli mütəxəssislər bu müəssisə ilə yaxından tanış olublar. Onların fikrincə, istehsal sahəsinə görə böyük olan zavod avtomobil istehsalı üçün çox əlverişlidir.

İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfransında Gəncə Avtomobil Zavodunun direktoru Xanlar Fətiyev və çinli mütəxəssislər jurnalistləri maraqlandıran suallara cavab veriblər. Lifan şirkətinin marketinq şöbəsinin müdiri Sun Tzseçzyun GAZ-da çox səriştəli və qabiliyyətli mütəxəssislərin çalışdığını bildirib. O qeyd edib ki, bu peşəkar kollektivlə istənilən avtomobil modelini bu müəssisədə istehsal etmək və yığmaq olar. Çinli mütəxəssis zavodun nəqliyyat əlaqələrinin də əlverişli olduğunu vurğulayıb. Onun dediyinə görə, bu avtomobil sənayesinin inkişafı üçün çox vacib şərtdir. Müəssisənin bütün texniki göstəriciləri haqqında məlumatlar artıq Lifan şirkətinə göndərilib və indi orada çinli mütəxəssislər hesablamalar aparırlar. Sun Tzseçzyun sözlərinə görə, əgər burada olan avadanlıqlar yararlı olmasa, onları müasirləşdirmək lazım gələcək. Yəqin ki, bu məsələdə də Lifan şirkəti Gəncə Avtomobil Zavoduna yardımçı olacaq. GAZ-ın direktoru Xanlar Fətiyev zavodun avadanlıqlarının müasirləşdirilməsi istiqamətində bir neçə şirkətlə artıq danışıqlar aparıldığını deyib. Onların arasında həm Çin, həm də Almaniya müəssisələri var.

Sonra Azərbayjanın avtomobil bazarı haqqında söhbət açan çinli qonaqlar Lifan 520-nin rəqabətə tam davam gətirəcəyini bildirdilər. Onların dediyinə görə GAZ-da yığılacaq Çin avtomobilləri həm texniki göstəricilərinə, həm də dizaynına görə heç də bu gün Azərbaycan bazarında tələbat olan maşınlardan geri qalmır. Ən vacib şərt isə odur ki, Çin avtomobillərinin qiməti ümumi bazara nisbətdə alıcılar tərəfindən qəbuledilən olacaq.

Müqavilənin gələcək şərtlərinə toxunan Sun Tzseçzyun əlavə edib ki, gələcəkdə GAZ-da Lifan avtomobillərinin hissələrinin hazırlanması da nəzərdə tutulur. Bunun üçün zavodda bütün şəraitlərin olduğunu bildirən mütəxəssis əlavə edib ki, bu məsələlərin də üzərində işlənilir.

Sonda Xanlar Fətiyev jurnalistlərin nəzərinə çatdırıb ki, ikinci tərəfdaş olan Çinin Çan Qan şirkətinin əməkdaşlarının GAZ-a gəlişi may ayının 18-19-na gözlənilir. Onlar da səfər çərçivəsində zavodla yaxından tanış olacaq, Azərbaycanın avtomobil bazarı ilə maraşlanacaqlar.

Xəbər lenti

Xəbər lenti