...

Azərbaycanın yeni Gömrük Məcəlləsi 2007-ci ildə tətbiq olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 İyun 2006 11:30 (UTC +04:00)

Azərbaycanın yeni Gömrük Məcəlləsinin 2007-ci ildə tətbiq olunması planlaşdırılır. Trend in xəbər verdiyi kimi, bu barədə Gömrük Məcəlləsinin təkmilləşdirilməsi layihəsinin baş məsləhətçisi Kolin Stringer məlumat verib.

Onun sözlərinə görə, artıq işlərin 1-ci mərhələsi başa çatıb. Dövlət və özəl sektorla məsləhətləşmələr aparılıb, layihə üzrə mütəxəssislər müəyyən olunub. İşlərin böyük hissəsi artıq gələn həftə başa çatacaq.

"İyunun sonunadək Məcəllənin ümumi bölmələri hazırlanacaq. Məcəllənin ilkin tam versiyasını isə iyulun sonuna hazırlamağı planlaşdırırıq", - deyə K.Stringer qeyd edib.

Ekspert bildirib ki, işlər başa çatdıqdan sonra 3 ay ərzində Məcəllənin iş versiyası ilə bağlı məsləhətləşmələr aparılacaq. Xüsusilə bu Məcəlləyə Avropa Birliyi tərəfindən də baxılmalıdır.

Yeni Məcəllənin hazırlanması ilə bağlı işlərin 2006-cı ilin sonunadək başa çatdırılması planlaşdırılır.

K.Stringerin fikrincə, yeni Məcəllə Azərbaycanın Avropaya inteqrasiyasına xeyli təsir göstərəcək, gömrük prosedurlarının şəffaflığını və sadələşdirilməsini, ölkəyə xarici investisiyaların cəlb olunmasının səmərəliliyini və sərhədlərin möhkəmləndirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycanda ilk Gömrük Məcəlləsi 1997-ci ildə qəbul olunub.

Xəbər lenti

Xəbər lenti