...

Bakıda Azərbaycanın ÜTT-yə daxil olması üzrə seminar keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Dekabr 2006 18:50 (UTC +04:00)

Bu gün "Müasir ticari-iqtisadi münasibətlərin araşıdırılması mərkəzi" ictimai birliyinin təşkilatçılığı ilə sanitar və fitosanitar nəzarət və Azərbaycanın ÜTT-yə daxil olması üzrə başqa məsələlər sahəsində qanunvericiliyin unifikasiyası üzrə dəyirmi masa keçirilib. Bu barədə Trend xəbər verir.

Görüşdə Almaniyanın qida məhsulları, kənd təsərrüfatı və istehlakçıların müdafiəsi üzrə Federal Nazirliyinin nümayəndəsi Rudiger Ost iştirak edib.

Onun sözlərinə görə, respublikada "Sorğu mərkəzi"nin (informasiya mərkəzi), sərhəd və mərkəzi orqanlar arasında kompüter sisteminin yaradılması, eləcə də Azərbaycanda mütəxəssislər üçün treninq-kursların keçirilməsi üçün Azərbaycana texniki yardım göstəriləcək.

Bundan başqa, bu mərkəz ÜTT çərçivəsində fitosanitar tələblərə dair məsələlərdə Azərbaycan qanunvericiliyinin unifikasiyasına, eləcə də təşkilat çərçivəsində mövcud olan, ilk növbədə biznes-qurumlar və sahibkarlar üçün lazım olan dəyişikliklər haqqında informasiyanın yayılmasına yardım edəcək.

Bu layihə ilk növbədə respublikanın üç orqanına - Kənd Təsərrüfatı Nazirliyinə (onun sanitar nəzarət və baytarlıq xidmətləri orqanları), Səhiyyə Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə aid olacaq.

Bu texniki yardımın ayrılması üçün Azərbaycan və Almaniya arasında protokol imzalanacaq.

"Müasir ticari-iqtisadi münasibətlərin araşıdırılması mərkəzi" ictimai birliyinin başçısı Rəşad Əliyevin qeyd etdiyi kimi, hazırda Azərbaycanda ÜTT-yə daxil olma üzrə bir neçə məsələ mövcuddur. Onlardan başlıcası qanunvericiliyin unifikasiyasının zərurəti və ixtisaslı mütəxəssislərin kifayət qədər olmamasıdır. Azərbaycanın bu təşkilata daxil olması məsələsinə gəlincə, o qeyd edib ki, bölgədə bəzi ölkələrin ÜTT-yə kifayət qədər sürətlə daxil olmasına baxmayaraq, respublikada bu proses artıq 10 ildir ki, davam edir. Bu, respublikanın bu məsələyə daha ehtiyatlı yanaşmasından xəbər verir.

İctimai birlik 2001-ci ildə yaradılıb və 2004-cü ildə qeydiyyatdan keçib. Bu təşkilatın yaranmasının məqsədi müstəqil araşdırmaların aparılması və Azərbaycanın ÜTT-yə daxil olması prosesində mövcud ticari-iqtisadi vəziyyət üzrə mütəxəssis rəyinin formalaşması və onların müvafiq dövlət orqanlarına verilməsidir. Bunun üçün ÜTT-nin əsasını təşkil edən sazişlərlə, iştirakçı-ölkələrin təcrübəsi ilə tanışlıq həyata keçirilir, yerli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması üzrə məsləhətlər hazırlanır.

Xəbər lenti

Xəbər lenti