...

MKT İstehsalat-Kommersiya MMC-nin istiqrazlarının xarici qiymətli kağızlar bazarında debütü oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Dekabr 2006 16:26 (UTC +04:00)

"MKT İstehsalat- Kommersiya" MMC Azərbaycandan kənarda satış üçün nəzərdə tutulan korporativ istiqrazların ilk emitenti oldu. Trend xəbər verir ki, bu barədə ölkə prezidenti yanında Qiymətli kağızlar üzrə Dövlət komitəsinin sədri Gündüz Məmmədov məlumat verib.

Onun sözlərinə görə, "MKT"-nin qiymətli kağızları Latviyanın qiymətli kağızlar bazarında satışa qoyulub. Emissiyanın ümumi həcmi 5 mln. ABŞ dolları təşkil edib.

G.Məmmədov qeyd edib ki, "MKT"-nın xarici bazara çıxarılması Azərbaycanda nümayəndəliyi olan Latviyanın Parex Bank-ın yardımı ilə həyata keçirilib.

"MKT" şirkəti 1997-ci ildə özəlləşdirməyə çıxarılmış pambıqtəmizləyən zavodların alınması məqsədilə yaradılıb. Şirkət "Saatlı-Pambıq", "Yevlax-Pambıq", "Beyləqan-Pambıq", "Biləsuvar-Pambıq", "Salyan-Pambıq" Səhmdar Cəmiyyətləri və Əli -Bayramlı Yağ Kombinatının ümumi məbləği 8 mln. ABŞ dollarından artıq olan səhm paketini alıb. Hazırda "MKT" 14 pambıqtəmizləyən zavodu idarə edir.

Hazırda şirkətin əsas fəaliyyət sahəsi pambıq lifinin hazırlanması, emalı və satışı, pambıq toxumlarından pambıq yağının hazırlanması və satışı, eləcə də ixrac üçün təqdim oluna biləcək müxtəlif nömrəli pambıq ipliyin istehsalıdır. Bununla bağlı, şirkət Gəncə əyirmə fabrikinin yenidən qurulmasına 0,7 mln. ABŞ dolları sərf edərək fabriki uzun müddətə icarəyə götürərək, bazara yalnız pambıqla deyil, həm də pambıq ipliyi ilə çıxıb.

Xəbər lenti

Xəbər lenti