...

Paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 11:25 (UTC +04:00)

Dekabrın 27-ən 28-nə keçən gecə paytaxta qar yağması ilə əlaqədar olaraq avtomobil yollarında avtomobillərin hərəkətini tənzimləmək məqsədilə paytaxtın yol polisi gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Trend ə Bakı şəhər Yol Polis İdarəsinin təbliğat və təşviqat şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

V.Əsədov onu da bildirib ki, dekabrın 28-i səhər saatlarından bu saatlaradək paytaxt ərazisində avtomobil qəzası qeydə alınmayıb. Hazırda isə Bakı Şəhər İcra Hakimiyyətinin Təmir Tikinti İdarəsinin işçiləri mərkəzi küçələrdə və şosselərdə yolların qardan təmizlənməsi işi ilə məşğuldurlar.

Yol polisi yaranmış tıxacların aradan qaldırılması və yollarda avtomobillərin hərəkətlərinin tənzimlənməsi üçün əlindən gələni edir. Xüsusilə səhər saatlarında şəhərin mərkəzi küçələrində iri tıxacların yaranmasının qarşısı alınıb. Bu da səhər saatlarında avtomobillərin sıx hərəkəti ilə əlaqədardır.

Bakı Dövlət Yol Polis İdarəsi paytaxt sakinlərindən hava şəraitini və yollardakı sürüşməni nəzərə alaraq imkan daxilində avtomobillərdən az istifadə etmələrini xahiş edir. Bununla da sürücülər həm yollarda baş verə biləcək qəzaların qarşısının alınmasında, həm də yol polisinin işinin qismən yüngülləşməsində yardım etmiş olarlar.

Xəbər lenti

Xəbər lenti