...

Azərbaycan Maliyyə Nazirliyi DB layihəsi üçün məsləhətçi seçir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2006 14:21 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi Dünya bankı layihəsi çərçivəsində korporativ və dövlət sektorunda hesabat üzrə beş məsləhətçinin seçilməyə başlandığını bildirib. Məsləhətçilərin xidmətlərinin ödənilməsi Yaponiya hökümətinin insan resurslarının və siyasətin inkişafına qrant vəsaitləri hesabına həyata keçiriləcək. Trend Maliyyə Nazirliyinin məlumatına istinadən xəbər verir ki, birinci məsləhətçinin vəzifəsi dövlət sektorunda daxili maliyyə nəzarəti, nöqsanların təhlili və strateji sənədin hazırlanmasıdır. Tapşırığın əsas məqsədləri dövlət sektorunda daxili maliyyə nəzarəti çərçivələrinin qabaqcıl təcrübə və müvafiq beynəlxalq standartlarla müqayisə edilməsi və bu sahədə nöqsanların təhlilidir.

Dövlət sektorunda daxili maliyyə nəzarətinin gücləndirilməsi və tədbirlər planının formalaşdırılması üçün daxili maliyyə nəzarətinin strategiyası üzrə sənədin hazırlanmasında Maliyyə Nazirliyinə yardım göstəriləcək.

İkinci məsləhətçi dövlət sektorunda mühasibat uçotunun beynəlxalq standartlarının tətbiq edilməsi strategiyasını hazırlayacaq. Onun vəzifəsi müxtəlif formalarda dövlət sektorunda tətbiq olunan mühasibat uçotunun dövlət standartlarının mühasibat uçotunun beynəlxalq standartları ilə müqayisə edilməsi, dövlət sektorunda müqayisə konsepsiyalarına əsaslanmış mühasibat uçotunun beynəlxalq standartlarının potensial faydasının müəyyən olunmasından ibarətdir. Digər ölkələrdə tətbiq olunan dövlət sektorunda mühasibat uçotunun beynəlxalq standartları ilə müqayisədə məsləhətçi şirkəti qiymətləndirmənin metodologiyasını və "Standart və normaların icrası üzrə hesabat" vasitə toplusu hazırlamalıdır. Bununla yanaşı, dövlət sektorunda maliyyə hesabatının tətbiqi üzrə hüquqi çərçivə anlayışı formalaşmalıdır.

Məsləhətçi dövlət sektorunun mühasibat uçotu standartlarını beynəlxalq standartlarla müqayisəsini, ölkədə fəaliyyət göstərən dövlət orqanlarının mühasibat uçotu standartlarına uyğunluq səviyyəsini qiymətləndirməli, mühasibat uçotunun milli standartlarına daxil edilməmiş mühasibat uçotunun beynəlxalq standartlarını müəyyən etməlidir.

Üçüncü məsləhətçi Azərbaycanın Hesablama Palatası üçün strateji inkişaf planının hazırlanmasında texniki yardım göstərəcək. Plan növbəti üç ili əhatə edəcək və Hesablama palatasının rəhbərliyinə məxsus olmalıdır. Orada həmçinin yarım il və bir ilin göstəricilərini göstərməklə proqramın reallaşdırılması nəticələrinin qiymətləndirilməsi verilməlidir.

Palata onun hazırlanması üçün koordinatoru və icrası üçün məsul şəxsi müəyyən edəcək. Strateji inkişaf planı aparılmış analiz, o cümlədən problemlər əsasında qaldırılmış məsələlərin həllinə yönəlməlidir. Əsas vəzifələr hüquqi çərçivələrin müəyyən olunması, rəhbərlik və təşkilati strukturun, idarəetmə və keyfiyyətə nəzarət məsələlərinin, ştat və ştatdankənar ehtiyatların müəyyən olunması, treninqlərin keçirilməsi, audit metodologiyasının, xarici və daxili əlaqələrin müəyyən olunmasıdır.

Dördüncü məsləhətçi Maliyyə Nazirliyinə ekspert dəstəyi və məsləhətlər verəcək. Onun vəzifəsi məsləhətləşmələrdə 2007-ci ilin iyun ayına qədər maliyyə hesabatının beynəlxalq standartlarına keçid dövründə hər ictimai əhəmiyyətli təşkilatın tələblərinin müəyyən edilməsindən ibarətdir.

Beşinci məsləhətçinin fəaliyyəti Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsi ilə ikitərəfli əməkdalıq üçün əlaqələrin təşkil edilməsinə yönəldiləcək.

Məsləhətçilər texniki və maliyyə təkliflərini 8 yanvar 2007-ci il tarixinidək aşağıdakı ünvana təqdim etməlidirlər: Bakı şəhəri, S.Vurğun küçəsi, 83. Əlavə məlumat almaq üçün (99412) 493-81-03 (daxili 14) Faks: (99412) 493 - 60- 17 nömrələrinə müraciət edə bilərlər.

Xəbər lenti

Xəbər lenti