...

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 2006-ci ildəki fəaliyyətinin nəticələrini açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Fevral 2007 18:50 (UTC +04:00)

2005-ci ilin sonunda 17,5 mln. ABŞ dollarına bərabər kredit portfeli 2006-cı ildə 47,6 mln. ABŞ dollarına çatıb.

Bankın bu gün yayadığı press-relizə əsasən Trend in məlumat verir ki, AMMB-dən kredit götürən müştərilərin sayı 2005-ci ildə 5400 təşkil edib, 2006-cı ildə isə bu rəqəm 3 dəfə artaraq, 16300 olub.

Müştərilərə verilən kreditin ümumi məbləği 2006-cı ildə 59,4 mln. AZN (68,2 mln. ABŞ dolları) təşkil etdi. 2005-ci illə müqayisədə bu göstərici 34,6 mln. AZN (39,70 ABŞ dolları) və ya 140% artıb.

4 il iş fəaliyyəti zamanı AMMB tərəfindən ümumi məbləği 115 mln. ABŞ dolları olan 40 min kredit verilmişdir, kreditin orta məbləği isə 3.000 ABŞ dollarından bir qədər artıqdır.

Məlumatda bildirilib ki, bankın belə sürətlə inkişafı gənc mütəxəssislər üçün yeni iş yerlərinin artmasına imkan yaradıb. Yalnız 2006-cı ildə Banka 250 gənc işçi qəbul edilib.

2006-cı ilin dekabr ayının sonu üçün verilən məlumata əsasən, Bank aktivlərinin ümumi məbləği 48,4 mln. AZN (55,6 mln. ABŞ dolları) təşkil edib. Bank aktivlərinin ümumi sayı isə 2006-cı ilin əvvəlinə olan göstəricilərlə müqayisədə 2,5 dəfə artaraq 29,4 mln. AZN (33,8 mln. ABŞ dolları) və ya 155% təşkil edib.

Azərbaycan Mikromaliyyələşdirmə Bankı 2002-ci ildən bəri fəaliyyət göstərir. Ötən ilin əvvəlində Bankın 4 filialı fəaliyyət göstərirdi, il ərzində isə daha 4 filial açılıb və beləliklə, AMMB-nin Bakı, Sumqayıt, Gəncə, Şəki və Lənkəran şəhərlərindəki filiallarının sayı 10-a çatıb. Bakıdakı 11-ci filial 2007-ci ilin yanvarında açılıb. AMMB-nin filial şəbəkəsi Azərbaycanın bir sıra rayonlarını əhatə edəcək.

Yüksək maliyyə göstəriciləri ilə yanaşı AMMB il boyu müştərilərə yeni məhsulların təqdim edilməsi istiqamətində də böyük işlər görüb. 2006-cı ildə AMMB-nin yeni məhsulları sırasında GSM Banking, IİSA İnternational plastik kartları, yeni əmanət növləri, pul köçürmə xidmətləri qeyd edilib. İl ərzində bankomatların və POS terminalların şəbəkəsi genişləndirilib.

Yeni məhsullardan əlavə, 2006-cı ilin dördüncü kvartalı ərzində Asiya İnkişaf Bankı, Triodos Maliyyə Fondu, Oikocredit, Global Microfinance Facility, eləcə də digər beynəlxalq maliyyə institutları ilə ümumi məbləği 14,5 mln. ABŞ dolları təşkil edən kredit xətləri açılmışdır. Bu kredit xətlərindən əldə olunan məbləğ Azərbaycanda mikro-, kiçik və orta sahibkarların kreditlə təmin olunmasına yönəldilmişdir.

Həmçinin Qeyd etmək lazımdır ki, Azərbaycan Mikromaliyyələşdirmə Bankı 100% xarici kapitala malikdir və onun 5 səhmdarı vardır: Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qaradəniz Ticarət və İnkişaf Bankı, Almaniya Dövlətinin İnkişaf Agentliyi KfW və LFS Financial Systems GmbH alman məsləhət şirkəti.

Xəbər lenti

Xəbər lenti