...

BMK Bank Respublika-nın 10% səhminin sahibi olacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Fevral 2007 15:03 (UTC +04:00)

Beynəlxalq maliyyə korporasiyası (BMK) Bank Respublika-nın kapitalından 10% səhm əldə etməyə hazırdır. Bu barədə Trend ə korporasiyanın Bakı nümayəndəsi Aliyə Əzimova məlumat verib.

Onun sözlərinə görə, hələ danışıqlar, o cümlədən hüquqi sənədlər üzərində iş davam edir. Lakin BMK-nın mövcud səhmdarların payından səhm paketini almaqla və ya yeni emissiyanın elan olunması hesabına bankın kapitalına daxil olması məsələləri hələ razılaşdırılmayıb.

BMK-nın Direktorlar şurası Bank Respublikanın kapitalına 4,5 mln. ABŞ dollarına qədər sərmayənin qoyulması haqqında qərar qəbul edib. Bundan başqa, korporasiya banka əsas borcun ödənişini 2 il gecikdirməklə, 5 il müddətinə 1,5 mln. ABŞ dolları məbləğində kredit xətti açır. Bankda hesab edirlər ki, kredit xətti üzrə müqavilə rüb ərzində imzalanacaq. Kredit resursları Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafının dəstəklənməsi üçün nəzərdə tutulub.

Bank Respublika-nın kapitalında artıq xarici iştirak var. Hazırda bankın 25% və 1 səhmi Sparkassen International Development Trust (SIDT, Sparkassen-Finanzgruppe üzvü) və Deutsche Entwicklungsgesellschaft (DEG, KfW banking group-un üzvü) məxsusdur.

Xəbər lenti

Xəbər lenti