...

Yanvarda Azərbaycanda daşınmaz əmlakın qiymətinin indeksi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2007 16:17 (UTC +04:00)

2007-ci ilin yanvar ayında "Əmlak bazarının iştirakçıları" ictimai birliyi tərəfindən aparılan Azərbaycanın daşınmaz əmlakının monitorinqi göstərib ki, iqtisadi göstəricilər əvvəlki dövrlərlə müqayisədə kəskin dəyişib. Bu barədə Trend Birliyin məlumatına istinadən xəbər verir.

2007-ci ilin ilk günlərində istehlak qiymətlərində baş verən dəyişikliklər təkliflər portfelinin azalmasına səbəb olub. "Azəri-REİ" qiymət indeksi (daşınmaz əmlak bazarının qiymət indeksi) ay ərzində 2,35 faiz və yaxud 5,8 bənd artaraq 254,7 bənd səviyyəsində qərarlaşmış və bu artım əsasən ilkin və təkrar yaşayış mənzil bazarı hesabına baş verib. Torpaq və qeyri-yaşayış sahələri bazarında isə qiymətlər nisbətən sabit olub. Qiymət indeksinə əsasən, satışa təklif olunan əmlakın orta qiyməti artımaqda davam edib və artım 4,2%-ə bərabər olub. Ötən ay orta qiymət göstəriciləri arasında fərq (1,9%) bazara daha bahalı mənzillərin çıxarılması ilə şərtləndirilir.

Təkrar mənzil bazarında orta qiymət artımı 5,0 faiz səviyyəsində olub və bu göstərici ötən illə müqayisədə daha yüksəkdir (2006-cı ilin yanvar ayında təkrar daşınmaz əmlak bazarında qiymət artımı 0,6 faiz olub).

Monitorinq göstərib ki, ən çox qiymət artımı III zonada, ən az isə - I zonada müşahidə edilib.

Evlərin memar layihələri üzrə də analoji göstəricilər müşahidə olunub. Belə ki, dekabrda müşahidə olunan memar layihələrinə ən yüksək qiymət artımı bu ilin yanvar ayında da eyni səviyyədə qalıb. Lakin yanvarda "Leninqrad" layihəli binalarda mənzillərin qiymətləri maksimuma çatıb (9,7%).

İlin əvvəlində ümumi bazarın təkliflər portfelində "yeni tikililər"in payı 15,3 faizdən 26,4 faizə qalxıb, 25,8 faiz paya malik "Leninqrad" layihəli mənzillər 18,8 faizə enib.

Bazarın rayonlar üzrə müqayisəsi isə əvvəlki dövrdən elə də fərqlənməyib.

Ay ərzində ən çox qiymət artımı Binəqədi (7,5 faiz) və Nizami (6,2 faiz) rayonlarında müşahidə edilib.

Ümumi müşahidələr isə onu göstərir ki, digər rayonlardan fərqli olaraq Yasamal rayonunda alıcılıq qabiliyyəti artır.

Fərdi həyət evləri üzrə orta qiymət 119770 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki ay ilə müqayisədə 3,1 faiz çoxdur. Satışa təklif olunan fərdi evlərin həyətyanı torpaq sahələri 5,5 sot (artım 5,0 faiz), otaqlarının orta sayı isə 3 - 4 ədəd (azalma 2,9 faiz) təşkil edib.

Burada qiymətlərin artması tikinti materiallarının bahalaşması ilə izah olunur. İlkin bazarda təkliflər portfeli qiymət artımının tempinin azaldığını sübut edir.

Aparılmış monitorinq zamanı aşkar edilib ki, yeni tikililərdə satış tam dayandırılıb və yaxud məhdud xarakter alıb.

Orta qiymət artmı 6,3 faiz təşkil edib (2005-ci ilin uyğun ayında bu artım cəmi 0,7 faiz olub) və şəhər üzrə orta qiymətlər 731 ABŞ dolları/kv.m səviyyəsində qərarlaşıb.

Aparılan müşahidələr göstərir ki, qeydə alınmış qiymət artımının səbəbi tələbatın artması deyil, məhz xərclərin inflyasiyası ilə: tikinti materiallarının, nəqliyyat xərclərinin, vergi və başqa xərclərin bahalaşması ilə bağlıdır.

Yeni binaların tikinti templərinin azalması, istismara hazır yeni tikililərin payının artması onların qiymətlərin daha dinamik artması ilə nəticələnib.

Tikintisi aparılan binaların şəhər üzrə orta mərtəbə göstəricisi 15,2, mənzil sahəsi 125,8kv.m və qeyri-yaşayış sahələrinin yaşayış sahələrinə nisbəti isə 8,9 faiz təşkil edib.

Torpaq bazarında ay ərzində orta qiymətlərdə əvvəlki ay ilə müqayisədə 4,0 faiz artım qeydə alınıb. İlin əvvəlində 1 sot torpağın qiyməti orta hesabla 19045 ABŞ dolları olub (2006-cı ilin yanvar ayında artım 2,9% təşkil edib).

Kirayə mənzil bazarında qiymət artımı ay ərzində 2,8 faiz qeydə alınıb, ekspertlər bunun daha da artacağını proqnozlaşdırır. Şəhər üzrə qeydə alınmış orta qiymət 556 ABŞ dolları/mənzil təşkil edib.

Kommersiya sahələri bazarında qiymət artımı əvvəlki ay ilə müqayisədə 2,2 faiz artaraq 2168 ABŞ dolları/kv.m səviyyəsində qərarlaşıb. Daşınmaz əmlak bazarının bu sektorunda təkliflər portfelinin digər sahələrə nəzərən artımın daha mülayimliyi bu aylarda bazarda aktivliyin aşağı olması ilə izah olunur.

Əhalinin aktivlik göstəricilərini əks etdirən bazar multiplikatorlarından biri olan icarə bazarında qiymət artımı son aylarda ən yüksək olub (5,1%) və şəhər üzrə 20,5 ABŞ dolları/kv.m səviyyəsində qərarlaşıb.

Bazarın aktivliyinin azalmasına baxmayaraq, artan icarə qiymətləri mülkiyyətçilərin artan sosial xərclərinin göstəricisi rolunu oynayır.

Xəbər lenti

Xəbər lenti