...

"Gənclər haqqında" qanun yenidən işlənəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Fevral 2007 19:50 (UTC +04:00)

"Gənclər haqqında" qanun yenidən işlənəcək. Trend in məlumatına görə, Milli Məclisin Sosial siyasət daimi komissiyasının fevralın 9-da keçirilən iclasında "Gənclər haqqında" qanun layihəsinə təklif olunan əlavə və dəyişikliklər müzakirə olunub.

Qeyd edək ki, hazırda qüvvədə olan qanun 2 ilə yaxın davam edən müzakirələrdən sonra 2002-ci ildə qəbul olunub. Qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər Gənclər və İdman Nazirliyi tərəfindən hazırlanıb.

Təklif olunan dəyişikliklərə əsasən gənclik yaş həddi 35-dən 30-a endirilir, gənclər təşkilatlarının hazırladıqları layihələr müsabiqə yolu ilə seçilir və dövlət tərəfindən maliyyələşdirilir, gənc ailələrin sosial müdafiəsini gücləndirmək üçün müəyyən addımların məcburiliyi qanunda əks olunur.

Çıxış edən millət vəkilləri bildiriblər ki, hazırda qüvvədə olan qanun günün tələblərinə cavab vermir. Ona görə də qanunun bütün maddələrində dəyişiklik etmək lazımdır. Belə olan təqdirdə isə "Gənclər haqqında" qanunu yenidən işləmək daha əlverişlidir. Gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi, bu sahədə təbliğat işlərinin həyata keçirilməsi, gənclər təşkilatlarına dövlət tərəfindən maliyyə yardımlarının ayrılması, idmanla məşğul olmaq üçün şəraitin yaradılması və bu koteqoriyaya aid olan şəxslərin bölgələrdə işləməsini və yaşamasını təmin etmək üçün yeni qanunda maddələr əks olunmalıdır.

İclasda iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, təmsil etdiyi nazirlik qanunun yenidən işlənməsinə etiraz etmir.

Müzakirələrdən sonra qərara alınıb ki, fevralın sonu, martın əvvələrindən gec olmayaraq Gənclər və İdman Nazirliyində qanuna təklif edilən əlavə və dəyişikliklərin müzakirəsi təşkil olunsun. Orada qanunda əlavə və dəyişikliklərin edilməsi, yoxsa yenidən işlənməsi haqda qərar qəbul edilsin.

Xəbər lenti

Xəbər lenti