...

Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi ilə İİR Qərbi Azərbaycan Vilayətinin Xoy şəkər fabriki arasında müqavilə imzalanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Mart 2007 11:27 (UTC +04:00)

Azərbaycan, Naxçıvan/müxbir Trend C.Qurbanoğlu/Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyi ilə İİR Qərbi Azərbaycan Vilayətinin Xoy şəkər fabriki arasında müqavilə imzalanıb. Müqavilədə adıçəkilən fabrik tərəfindən Muxtar Respublikadan 15.000 ton şəkər çuğundurunun alınması və bunun müqabilində şəkər tozunun verilməsinə dair müvafiq bəndlər yer alıb.

Bu münasibətlə təşkil olunmuş tədbirdə çıxış edən Naxçıvan MR Kənd Təsərrüfatı naziri Məmməd Abbasov ölkələrimiz arasında mövcud iqtisadi əlaqələrdən danışıb. Muxtar Respublikada təkcə ötən il 30 000 ton şəkər çuğundurun istehsal olunduğunu deyən nazir bunun 3.850 tonunun İrana, 26.150 tonunun Türkiyəyə göndərildiyini bildirib. Nazir həmçinin bu istiqamətdə işlərin aparıldığını, yanvar ayında Türkiyənin Şəkər Fabrikləri Anonim Şirkəti ilə Naxçıvan MR Nazirlər Kabineti arsında 25.000 ton şəkər çuğundurunun Ağrı şəkər fabrikində emalı və onun müqabilində şəkər tozunun alınması ilə əlaqədar müqavilənin imzalandığını da qeyd edib.

İİR-in Naxçıvandakı Baş Konsulu Nasir Həmidi Zare və Xoy şəkər Fabrikinin müdiri Əliəkbər Kərim Nejad çıxış edərək iqtisadi əlaqələrin genişləndirilməsində hər iki tərəfin maraqlı olduğunu bildirib.

Tədbir Naxçıvan MR Kənd Təsərrüfatı naziri Məmməd Abbasov və İİR-in Xoy Şəkər Fabrikinin müdiri Əliəkbər Kərim Nejad arasında müqavilənin imzalanması ilə başa çatıb.

Xəbər lenti

Xəbər lenti