...

Köhnə əskinasların məhv edilməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Aprel 2007 17:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ Köhnə əskinasların məhv edilməsi ilə bağlı xüsusi qaydalar hazırlanıb və təsdiq olunmaq üçün hökumətə təqdim edilib. Bu barədə çərşənbə axşamı Bakıda Azərbaycan Milli Bankı idarə heyətinin sədr müavini Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, layihə yalnız Milli Bank tərəfindən deyil, müxtəlif dövlət strukturlarının təmsil olunduğu komissiya tərəfindən hazırlanıb. "Bütün köhnə əskinasların məhv edilməsi həmin qaydalar əsasında həyata keçiriləcək. Hökumət müzakirələr aparıb qaydaları təsdiqləyəndən sonra köhnə əskinasların məhv edilməsinə başlanılacaq", -deyə R.Aslanlı əlavə edib.

O qeyd edib ki, Milli Bank bu prosesə 2007-ci ildə başlamaq istəyir. Ona görə də Milli Bank bu proses üçün təşkilati hazırlıq işlərinə başlayıb.

R.Aslanlının sözlərinə görə, yaxın vaxtlarda bu proses başa çatdırılacaq: "Dövrüyyədən çıxarılan pulların məhv edilməsi üçün xaricdən xüsusi məhvetmə avadanlıqları alırıq. Burada məqsəd əvvəllər olduğu kimi köhnə əskinasları yandırmaqla deyil, müasir qaydalarla məhv etməkdir. Bu məsələ beynəlxalq standartlara cavab verən şəkildə həyata keçiriləcək".

Xəbər lenti

Xəbər lenti