...

Ukraynadakı durum Azərbaycanla iqtisadi münasibətlərə təsir etmədi

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2007 13:40 (UTC +04:00)
Ukraynadakı durum Azərbaycanla iqtisadi münasibətlərə təsir etmədi

Azərbaycan, Bakı /müx.. Trend İ.Xəlilova / Ukraynada mövcud siyasi durum bu ölkənin Azərbaycanla iqtisadi münasibətlərinə təsir etməyəcək. Bu barədə Nazirlər Kabinetindən məlumat verilib. Qeyd edək ki, Ukraynada Ali Rada (bu ölkənin qanunvericilik orqanı) buraxılıb və nəticədə bu, qanunların icrasına təsir göstərib. "Ancaq müəssisələr fəaliyyət göstərir, təsərrüfat subyektləri arasındakı ticarət əlaqələri əvvəlki kimi artan xətlə davam edir" - deyə Nazirlər Kabinetindən bildiriblər.

Ötən ilin göstəricilərinə əsasən mal dövriyyəsinin həcmində azalmalar müşahidə olunmayıb, əksinə artım qeydə alınıb. Analoji hal bu il də müşahidə olunur. Ümumilikdə Azərbaycan mallarının Ukraynaya ixracı o qədər də böyük deyil. Ancaq idxal artmaqda davam edir. 2006-cı ilin göstəricilərinə əsasən ixrac 38,404 milyon dollar, idxal isə 317,431 milyon dollar təşkil edib. Xarici ticarətin həcmi isə 2005-ci illə müqayisədə 37,3 faiz artaraq 355,835 milyon dollara çatıb.

Trend analitik mərkəzin eksperti Ellada Xankişiyevanın fikrincə, GUAM çərçivəsindəki əməkdaşlıq həmişə Azərbaycanla Ukrayna arasındakı iqtisadi-siyasi əlaqələrin möhkəmlənməsinə xidmət edib. "Ukraynanın Azərbaycanın enerji sahəsinə marağı Xəzərin enerji daşıyıcılarının Avropa bazarlarına daşınması kontekstində bu ölkə üçün perspektiv xarakteri daşıyır. Bununla Ukrayna özünə Rusiya enerji daşıyıcılarından müəyyən enerji müstəqilliyi qazanacaq. Bu baxımdan Ukraynadakı siyasi durum ölkələrimizi daha da yaxınlaşdıracaq" - deyə o vurğulayıb. E.Xankişiyevanın sözlərinə görə, Azərbaycan Ukrayna üçün həm də ticarət sahəsində əlverişli tərəfdaşdır. Belə ki, Ukrayna Azərbaycana metallurgiya, maşınqayırma, elektrotexnika və elektron, qida sənayesi və digər sahələrin məhsullarını ixrac edir. Azərbaycana idxal həcminə görə bu ilin yanvarında Ukrayna üçüncü yeri tutub. Bu ölkədən idxal olunan məhsulların ümumi həcmi 33,3 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti